Avstriya Həkimlər Palatası maskadan istifadə məcburiyyətinin bərpa olunmasına çağırıb
Vyana, 17 iyul, AZƏRTAC
Avstriya Həkimlər Palatası maskadan istifadə məcburiyyətinin bərpa olunmasına dair çağırış edib.
AZƏRTAC xəbər verir ki, ölkədəki səhiyyə işçilərini öz sıralarında birləşdirən qurum hökuməti və əhalini COVID-19 pandemiyası zamanı yaranmış hazırkı aralıq vəziyyətdən arxayın düşməmək barədə xəbərdarlıq edib. Qeyd edilib ki, maskadan istifadənin könüllülük prinsipi əsasında qüvvədə qalacağı mümkün deyil, əhali bu tövsiyələrə əməl etmir. Ona görə də ölkədə ictimai məkanlarda, xüsusilə də ticarət obyektləri, ərzaq mağazaları və digər qapalı məkanlarda maska taxılması yenidən məcburi olmalıdır.
Palatanın rəhbəri Tomas Zekeres bildirib ki, hazırda Avstriyada gündəlik yoluxma hallarının aşağı templə artımı müşahidə olunur. Bu artım mart-aprel ayları ilə müqayisədə sıçrayışla getmədiyinə görə, ölkə əhalisi narahatlıq keçirmir. Lakin pandemiyanın hazırkı mərhələsi aldadıcı təsir bağışlaya bilər, qarşıdakı dövrdə yoluxma qövsünün sürətlə yuxarı qalxmaması üçün bir sıra məhdudiyyətləri bərpa etmək lazımdır.
Qeyd edilməlidir ki, Avstriyada maskadan istifadə məcburiyyəti bir çox sahələrdə ləğv edilib və yalnız aptek və səhiyyə obyektlərində, ictimai nəqliyyatda və bir metrlik sosial məsafənin saxlanmasının mümkün olmadığı (məsələn, kosmetika salonları) məkanlarda qüvvədə qalır. İctimai nəqliyyatda isə maska taxmayan və ya taxmaqdan imtina edən şəxslərə 40-60 avro arası inzibati cəza tədbirləri görülür.
T.Zekeres, eyni zamanda, peyvənd əleyhdarlarının pandemiya ilə bağlı vəziyyətin ciddiyyətini qulaqardına vurmaqda və əhali arasında yanlış təbliğat aparmaqda günahlandırıb. O, yeni növ koronavirusa qarşı hazırlanmaqda olan peyvəndlə bağlı cəmiyyətdə aparılan antitəbliğatın zərərli olduğunu və insanların həyatı bahasına başa gələcəyini bildirib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana