Avstriya hökuməti mədəni-kütləvi tədbirlərlə bağlı yol xəritəsini təqdim edib
Vyana, 15 may, AZƏRTAC
Avstriya hökuməti mədəni-kütləvi tədbirlərlə bağlı məhdudiyyətlərin tədricən ləğv etməyə başlayır.
AZƏRTAC xəbər verir ki, Federal Səhiyyə naziri Rudolf Anşober mayın 15-də bu sahə ilə bağlı hökumətin yol xəritəsini təqdim edib. Nazir bildirib ki, mayın 29-dan etibarən ölkədə 100-dək tamaşaçının iştirak edəcəyi kiçik və orta həcmli mədəni tədbirlərin keçirilməsinə icazə veriləcəkdir. İyulun 1-dən etibarən tamaşaçı və ya iştirakçı sayı 250 nəfərə çatan tədbirlər, avqustun 1-dən etibarən isə 500-dək şəxsin iştirak etdiyi tədbirlərin keçirilməsi mümkün olacaqdır. Nazir, həmçinin əlavə edib ki, xüsusi şərtlər altında min nəfərədək şəxsin iştirak etdiyi mədəni-kütləvi tədbirlərin baş tutması mümkün ola bilər. Bütün tədbirlərdə seyrçilər arasında bir metrlik məsafənin saxlanması tələbinə riayət olunmalıdır.
R. Anşober, həmçinin qeyd edib ki, hazırda film çəkilişləri, xor musiqiçiləri,teatr, opera və konsert binaları, açıq havada keçirilən konsert və festivallar üçün xüsusi qaydalar üzərində iş gedir. Bu məsələdə əsas məqsəd bir tərəfdən mədəniyyət sahəsində çalışanların maddi vəziyyətini yaxşılaşdırmaq, digər tərəfdən isə ölkənin mədəniyyət həyatının yenidən canlanmasına nail olmaqdır. Eyni zamanda, sentyabr ayından başlayacaq növbəti mədəni tədbirlər mövsümü üçün müvafiq hazırlıqlar həyata keçirilməlidir.
Qeyd edilməlidir ki, mayın 15-dən etibarən Avstriyada muzey və sərgi salonları xüsusi qaydalar əsasında öz qapılarını yenidən incəsənətsevərlərin üzünə açıblar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana