Avstriya hökuməti uşaq bağçalarında və ibtidai məktəblərdə baş örtüyünün qadağan olunmasına çalışır
Vyana, 5 aprel, AZƏRTAC
Avstriya hökuməti uşaq bağçalarında və ibtidai məktəblərdə baş örtüyünün qadağan edilməsi üçün qanun layihəsini ölkə parlamentinə təqdim etməyə hazırlaşır. Avstriya Xalq Partiyası (ÖVP) və Avstriya Azadlıq Partiyasından (FPÖ) ibarət koalisiyalı hökumət bu barədə qərarı nazirlər kabinetinin aprelin 4-də keçirilən iclasında qəbul edib.
Avstriyanın Federal Kansleri Sebastian Kurts qanun layihəsini şərh edərkən bildirib ki, bütün ölkədə 10 yaşınadək qızların uşaq bağçasına və ibtidai məktəbə baş örtüyü ilə getməsinin qadağan edilməsi, ilk növbədə, uşaq hüquqlarının qorunmasına və paralel cəmiyyətlərin təşəkkül tapmasının qarşısının alınmasına xidmət edəcək. Onun sözlərinə görə, baş örtüyü uşaqlar arasında ayrı-seçkilik yaradır və inteqrasiyaya əngəl törədir.
Konstitusiya ranqlı bu qanunun qəbul olunması üçün koalisiyalı hökumət parlamentdə üçdəiki səs çoxluğuna nail olmalıdır. Bunun üçün isə müxalifətdə olan partiyaların (sosial-demokratlar və ya liberallar) dəstəyi tələb olunur. Hökumət dairələri yay fasiləsinə kimi qanunun parlament tərəfindən qəbul ediləcəyinə və yeni dərs ilindən etibarən tətbiq ediləcəyinə ümid edir.
Avstriya Müsəlman İcmaları Təşkilatı hökumətin hazırladığı qanun layihəsini sərt tənqid edərək, qadağaların müsəlman əhalinin yerli cəmiyyətə inteqrasiyasına zərbə olduğunu bəyan edib və bu mövzuda stereotiplər üzərində qurulmuş populist siyasət əvəzinə ölkədə açıq dialoq aparmağa çağırıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana