Avstriyadakı „Ebenzee“ əsir düşərgəsinin ərazisində azərbaycanlı döyüşçülərə abidə ucaldılmışdır
Vyana, 9 may (AZƏRTAC). Mayın 7-də Avstriyanın Yuxarı Avstriya federal əyalətinin Ebenzee qəsəbəsində İkinci Dünya müharibəsi zamanı burada yerləşmiş əsir düşərgəsinin azad olunması münasibətilə anma mərasimi keçirilmişdir.
Mərasimdə yerli və xarici qonaqlarla yanaşı, əsir düşərgəsində alman faşistlərinin işgəncələrinə məruz qalmış keçmiş əsirlərdən bir neçəsi iştirak etmişdir.
Əlamətdar hadisədir ki, „Mauthauzen“ əsir düşərgəsindən sonra ikinci düşərgə kimi „Ebenzee“nin ərazisində azərbaycanlı əsirlərin xatirəsini əbədiləşdirmək üçün abidə qoyulmuşdur.
Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə yaradılmış xatirə lövhəsinin açılışında mədəniyyət və turzim nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə səfirliyimizin əməkdaşları və bu ölkədəki Azərbaycan icmasının təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.
Abidənin açılış mərasimində çıxış edən V. Əliyev Azərbaycanın İkinci Dünya müharibəsi zamanı həlledici rol oynadığını diqqətə çatdırmış, ölkəmizin həm insan resursları, həm də təbii sərvətləri ilə faşizm üzərində qələbənin əldə olunmasına böyük töhfələr verdiyini vurğulamışdır. Avstriya torpaqlarının alman nasistlərindən azad olunmasında azərbaycanlıların da fədakarlıq göstərdiyini bildirən V. Əliyev Ebenzee qəsəbəsinin rəhbərliyinə bu torpaqlarda həlak olmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsinə göstərilən dəstəyə görə Azərbaycan hökuməti adından təşəkkür etmişdir.
Ebenzee qəsəbəsinin meri Hervart Loydl abidənin ucaldılmasına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmiş, bu xatirə kompleksinin gələcək nəsillər üçün bir yadigar və eyni zamanda xəbərdarlıq olduğunu qeyd etmişdir.
Xatırladaq ki, „Mauthauzen“ əsir düşərgəsinin filialı olan „Ebenzee“ 1943-cü ildə yaradılmış və 1945-ci ildə ABŞ ordusu tərəfindən azad edilənədək burada 27 mindən artıq hərbi əsir yerləşdirilmişdir. Onlardan 8 min nəfəri məruz qaldığı işgəncələr nəticəsində həlak olmuşdur. Azərbaycan səfirlyinin araşdırmaları nəticəsində hərbi əsirlər arasında azı 18 nəfər azərbaycanlının olduğu müəyyənləşmişdir. İndiyədək həmin əsir düşərgəsində keçmiş SSRİ ölkələri arasında yalnız Rusiya və Ukraynanın analoji xatirə lövhələri mövcud olmuşdur.
x x x
Mayın 8-də isə Avstriyanın Yuxarı Avstriya əyalətində yerləşən keçmiş “Mauthauzen” faşist əsir düşərgəsinin azad edilməsinə və İkinci Dünya müharibəsinin başa çatmasının 66-cı ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Hər il olduğu kimi, bu dəfə də anma mərasiminə dünyanın müxtəlif ölkələrindən on minlərlə insan qatılmışdır.
Azərbaycan nümayəndə heyəti ənənəvi olaraq əvvəlcə əsir düşərgəsində qətlə yetirilmiş soydaşlarımıza həsr edilmiş xatirə lövhəsinin, sonra isə sovet əsgərinin, Rusiya və Ukrayna xatirə abidələrinin və ümumi abidə kompleksinin önünə əklillər, gül dəstələri qoymuşdur.
Yaradıldığı 1938-ci ildən 1945-ci ilədək „Mauthauzen“ əsir düşərgəsində müxtəlif Avropa ölkələrindən 200 mindən artıq insan həbsdə olmuşdur. Onların tam yarısı düşərgədə qətlə yetirilmiş və ya qaz kameralarında məhv edilmişdir. Avstriya ərazisində ən böyük əsir düşərgəsi olan „Mauthauzen“in ona yaxın ətraf ərazilərdə 49 „filialı“ olmuşdur. Həmin düşərgələrdə 70-dən artıq xalqın nümayəndəsi əsir saxlanmışdır.
Xatırladaq ki, 2001-ci ildə „Mauthauzen“də həlak olmuş soydaşlarımızın xatirəsini əbədiləşdirən xatirə lövhəsinin təntənəli açılışı olmuşdur. Rəsmi məlumata görə, müharibə illərində bu düşərgədə 81 nəfər azərbaycanlı əsir qətlə yetirilmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana