AYB-in Gəncə bölməsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AYB-in Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Xəzangül Hüseynova çıxış edərək tariximizə qanla yazılmış 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağını vurğulayıb. Bildirib ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990-cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Birliyin üzvü Aləmzər Əlizadə bildirib ki, xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı boşa çıxdı.
Tədbirdə iştirak edən şairlər 20 Yanvar hadisələrinə həsr etdikləri şeir və poemalarından parçalar oxudular.