İDMAN
Ayxan Abbasov: Slovakiya ilə matçda yaxşı nəticə əldə etmək üçün şansımız var
Bakı, 14 oktyabr, AZƏRTAC
“Hazırda milli komandada psixoloji durum yaxşı deyil. Çünki ard-arda məğlubiyyətlər futbolçulara pis təsir edir. Buna baxmayaraq, Slovakiya ilə matçda yaxşı nəticə əldə etmək üçün şansımız var”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün Bakıda Slovakiya yığmasına qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
43 yaşlı mütəxəssis doğma meydanda oynamağın yığmanın çıxışına müsbət təsir göstərəcəyini bildirib: “Estoniya ilə səfərdəki görüşdə hər kəs qalibiyyətə köklənmişdi. Təəssüf ki, alınmadı. Amma bu gün evdə oynayacağıq. Düşünürəm ki, bu bizim üçün üstünlükdür. Bundan maksimum istifadə etsək, nəticə xeyrimizə ola bilər. Slovakiya ilə oyunlarımız heç də həmişə pis alınmır. Qrupda sonuncu pillədəyik. Bu durumdan tezliklə çıxmaq lazımdır. Təəssüf ki, Millətlər Liqasında illərdir istədiyimiz nəticəni əldə edə bilmirik”.
Veteran futbolçu heyətdə itkilərin olmasına baxmayaraq, komandanın əzmkarlıq və milli ruh hesabına qələbə qazana biləcəyini vurğulayıb: “Komandamız yeni baş məşqçinin rəhbərliyi altında az məşq keçirib. Bu da müəyyən qədər oyunçuların performansına təsir göstərir. Bununla yanaşı, millinin aparıcı üzvlərindən hesab olunan Bəhlul Mustafazadə və Elvin Camalov bugünkü matçda iştirak etməyəcəklər. Fikrimcə, bu gün yığmada ən yaxşı formada olan futbolçu məhz Bəhluldur. Çünki o, “Qarabağ”ın heyətində avrokuboklarda mütəmadi oynayan müdafiəçidir. Bu baxımdan kifayət qədər təcrübəyə malikdir. Əlbəttə ki, milli üçün böyük itkidir. Yarımmüdafiəçi Elvin Camalov da yaxşı oyunu ilə rəğbət qazanır. Amma bu gün yığmada onları əvəzləyəcək yetəri qədər futbolçu var. Yəni, seçim şansı çoxdur. Misal üçün, Rahil Məmmədov, Anton Krivotsyuk, Bədavi Hüseynov kimi oyunçular Bəhlulu əvəz edə bilərlər”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Slovakiya - Azərbaycan qarşılaşması saat 20:00-da başlayacaq.