Azadlıq mübarizəmizin şanlı səhifəsi olan 20 Yanvar faciəsi heç zaman unudulmayacaqdır
Bakı, 18 yanvar (AZƏRTAC). Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və İstehlak Mallarının Ekspertizası Mərkəzinin əməkdaşlarının iştirakı ilə 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə çıxış edənlər sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərin və Azərbaycan xalqına qarşı həyata keçirilən qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulamışlar. Eyni zamanda ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək imperiya rəhbərliyinə açıq etiraz etməsi, bu qanlı cinayət haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırması, məhz Ümummilli Liderin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi minnətdarlıq hissi ilə xatırlanmışdır.
Qeyd olunmuşdur ki, bu gün ölkə rəhbərliyi tərəfindən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı qərarlar qəbul edilir, dövlət səviyyəsində geniş tədbirlər həyata keçirilir.
Tədbirdə dövlət tərəfindən şəhid ailələrinə və əlillərinə göstərilən qayğı və diqqət yüksək qiymətləndirilmiş, azadlıq mübarizəmizin şanlı səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsinin heç zaman unudulmayacağı, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanmışdır.