RƏSMİ XRONİKA
AZƏRBAYCAN – İRAN: ƏMƏKDAŞLIĞI MÖHKƏMLƏNDİRMƏK İMKANLARI GENİŞDİR
Qolamrza Ağazadə Heydər Əliyevə İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncaninin salamını çatdırmışdır. Azərbaycan dövlətinin başçısı Prezident Haşimi Rəfsəncaniyə onun salamını, hörmət və ehtiramını yetirməyi xahiş etmişdir. Heydər Əliyev demişdir ki, onun İran İslam Respublikasına səfərinin yeni vaxtı artıq müəyyənləşdirilib. Azərbaycan Prezidenti bildirmişdir ki, yaxın vaxtlarda dost ölkəyə gedəcək, orada iki dövlət arasında bir sıra mühüm sənədlər imzalanacaqdır.
Görüşdə Azərbaycanla İran İslam Respublikası arasında iqtisadi əlaqələrin daha da sıxlaşdırılması və qarşılıqlı münasibətlərin potensial imkanlarının hərəkətə gətirilməsi üçün nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparılmış, neft sahəsində əməkdaşlığın aktual məsələləri müzakirə olunmuşdur.
Respublika Baş nazirinin birinci müavini Fuad Quliyev, dövlət müşaviri Vəfa Quluzadə, İran İslam Respublikasının Azərbaycandakı səfiri Əli Əsğər Nəhavəndian və digər rəsmi şəxslər görüşdə iştirak etmişlər.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri