Azərbaycan - milli və sosial dəyərlərə sahib müasir dövlət
Bağdad, 28 may, AZƏRTAC
İraqın tanınmış elm xadimi, professor Moataz Əbdülhəmidin “Addustour” qəzetində “Azərbaycan - milli və sosial dəyərlərə sahib müasir dövlət” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə xalqımızın milli-mənəvi dəyərləri, dövlətçilik tarixi və müasir dövrdəki inkişaf tendensiyaları barəsində oxuculara geniş məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan xalqı hər il 28 mayı Respublika Günü kimi qeyd edir. 1918-ci ilin bu günü Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika elan edilib. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay müddətində yaşadı. Bu qısa zamanda milli maraqlardan qaynaqlanan demokratik dövlətin əsasları yaradıldı. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdi. Qısa müddət ərzində Azərbaycanda siyasi plüralizmə əsaslanan demokratik bir sistem quruldu. Sərbəst bazar iqtisadiyyatı prinsiplərini iqtisadi sisteminə tətbiq etmək istiqamətində böyük addımlar atıldı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Ölkədə əsaslı islahatlar keçirərək Azərbaycanı inkişaf yoluna yönəltdi. Məhz Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik yaradıldı, qanunçuluq bərpa edildi və demokratik ənənələrin əsası qoyuldu. 2003-cü ildə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin layiqli varisi İlham Əliyevə tam etimad göstərdikdən sonra iqtisadiyyatın həcminin bir neçə dəfə artmasına, işsizlik və yoxsulluq göstəricilərində əhəmiyyətli dərəcədə azalmasına, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi səbəb olan hərtərəfli inkişaf dövrü başladı. Prezident İlham Əliyevin Heydər Əliyevin qurduğu siyasi kursu davam etdirməsi sayəsində Azərbaycan Qafqaz bölgəsində qabaqcıl ölkəyə çevrildi və beynəlxalq aləmdə daha çox etimad qazandı.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad