AZƏRBAYCAN ABŞ-IN BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNİN REALLAŞMASINA VERDİYİ SİYASİ DƏSTƏYİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
Qonaqları səmimi salamlayan ARDNŞ prezidenti Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin işə düşməsinin region ölkələri üçün böyük əhəmiyyəti olduğunu qeyd etdi. Kəmərin istifadəyə verilməsində ABŞ hökumətinin Azərbaycan, Türkiyə və Gürcüstana verdiyi siyasi dəstəyi yüksək qiymətləndirən Rövnəq Abdullayev, bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə inandığını söylədi.
Çıxışına Azərbaycan xalqını təbrik etməklə başlayan Mətyu Brayza, Qazaxıstan neftinin də BTC kəməri ilə nəql edilməsinin gerçəkləşməsində və digər problemlərin həllində ABŞ hökumətinin bundan sonra da Azərbaycana dəstək verəcəyini qeyd etdi. Daha sonra o, son vaxtlar dünyada qaz yanacağına marağın artdığını, Avropa bazarlarına çıxmaq üçün qaz hasil edən ölkələr arasında yeni rəqabətin başlandığını söyləyərək bildirdi ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərlərinin istifadəyə verilməsi ilə yaranmış fürsətdən yararlanmalıdır.
ARDNŞ-nin prezidenti “Şahdəniz” layihəsinin ikinci fazasına dair proqramın işlənib hazırlanmasından danışdı və qonaqlara həmin proqram çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verdi. O, həmçinin Azərbaycanın həmin yataqdan hasil ediləcək qazın Avropa bazarlarına çıxarılmasında maraqlı olduğunu vurğuladı. Transxəzər layihəsinə gəlincə, ARDNŞ prezidenti bu haqda siyasi qərarların verilməsinə ehtiyac yarandığını Mətyu Brayzanın diqqətinə çatdırdı.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.