Azərbaycan-Aİ münasibətləri: reallıq manipulyasiyadan güclüdür - ŞƏRH
Bakı, 11 may, AZƏRTAC
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın Bakıya səfəri bir sıra mühüm məsələləri özündə ehtiva edirdi. Bu səfər həm də Azərbaycan-Avropa münasibətlərinə xələl vurmaq istəyən dairələrə – xüsusilə Avropa Parlamentindəki bəzi qruplara verilən əyani bir cavab idi: reallıq manipulyasiyadan daha güclüdür.
Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyib.
O bildirib ki, Avropa İttifaqı ilə bugünkü əməkdaşlığın bünövrəsində üç əsas dialoq mexanizmi dayanır ki, bunların da başında Enerji Təhlükəsizliyi gəlir. Dünyanın enerjidən təzyiq aləti kimi istifadə edildiyi bir dövrdə Azərbaycan tərəfdaşları üçün etimad limanına çevrilib. Bu tərəfdaşlıq artıq coğrafi sərhədlərini də genişləndirib. 2026-cı ilin yanvarından etibarən Avstriya və Almaniya da rəsmən Azərbaycan qazından istifadə edən ölkələr siyahısına qoşulub. Bununla da Avropada Azərbaycan qazını alan ölkələrin sayı 10-a, ümumilikdə isə ixrac coğrafiyamız 16 ölkəyə çatıb.
"Münasibətlər təkcə bununla məhdudlaşmır. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki qeyri-stabillik fonunda Azərbaycanın nəqliyyat imkanları Avropa üçün həyati əhəmiyyət kəsb etməyə başlayıb. Ölkəmiz həm müasir infrastrukturu, həm də təhlükəsiz ticarət dəhlizi olması ilə qlobal logistika xəritəsində alternativsiz bir qovşaq kimi ön plana çıxır. Təhlükəsizlik sahəsindəki dialoq isə münasibətlərin üçüncü mühüm sütunudur. Avropa İttifaqı Azərbaycanın regionda sülhə verdiyi töhfələri yüksək qiymətləndirir. Ermənistanla sülh prosesinin yekunlaşmaq üzrə olması sadəcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi gələcəyi üçün mühümdür. Çünki Aİ-nin həm enerji, həm də ticarət layihələrinin uğuru məhz bu bölgədəki qalıcı sülhdən asılıdır", - deyə A.Balayev qeyd edib.