AZƏRBAYCAN-ALMANİYA BİZNES FORUMU
Xəbər verdiyimiz kimi, fevralın 16-da Berlində - “Almaniya İqtisadiyyat Evi”ndə Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir.Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmişdir.
Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycanın 30-dan çox, Almaniya tərəfindən isə 200-dən çox iş adamının iştirak etdiyi biznes forumunu ölkəmizin Almaniyadakı səfirliyi, İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu təşkil etmişdi.
Almaniyanın “Şərqi və Mərkəzi Avropa Birliyi” Cəmiyyətinin sədri KLAUS KSOLNER forumu açaraq dedi:
- Möhtərəm xanımlar və cənablar!
“Şərqi və Mərkəzi Avropa Birliyi” Cəmiyyəti və onun tərəfdaşı Alman Gənclər Gücü Təşkilatı, eləcə də Almaniya iqtisadiyyatının Şərqi Avropa ölkələri üzrə komitəsi adından sizi Berlindəki Almaniya-Azərbaycan biznes forumunda səmimi qəlbdən salamlayıram. Cənab Prezident, ilk növbədə, Sizə və Sizi müşayiət edən iqtisadi inkişaf naziri Heydər Babayevə, xarici işlər naziri Elmar Məmmədyarova xüsusi salamlarımızı yetiririk.
Cənab Prezident, bu görüşə nə qədər böyük maraq olduğunu, necə ümidlər bəsləndiyini iştirakçıların sayının çoxluğundan görmək olar. Sizin təqdimatınız bizi çox maraqlandırır.
Cənab Qlos, biz sevinirik ki, siz Azərbaycanla iqtisadi münasibətlərin inkişaf vəziyyətini şərh etməyi öz üzərinizə götürmüsünüz. Siz də görüşümüzə xoş gəlmisiniz.
Mən həm də Almaniya iqtisadiyyatı barədə söhbətimizə qoşulacaq cənab Svitserlootu salamlamaq istərdim. Son olaraq, mən bu forumun formatı üçün əlindən gələni etmiş Alman Gənclər Gücü Təşkilatına minnətdarlığımı bildirir və hamıya mənalı anlar və müzakirələr arzulayıram.
Çıxışlardan sonra müzakirələr başlanacaqdır. Bir daha xoş gəlmisiniz və hamınıza forumun maraqlı keçməsini arzulayıram.
X X X
Almaniyanın “Wintershall” şirkəti idarə heyətinin sədri Raynip Svitserloot çıxış etdi.