QAN YADDAŞI
Azərbaycan-Amerika Alyansı Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdıran geniş kampaniya həyata keçirir
Milyonlarla insan XX əsrin faciəsi haqqında xəbərdar olacaqlar
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan-Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi silsilə tədbirlərdən ibarət kampaniya milyonlarla insanı əhatə edəcəkdir.
Alyansdan AZƏRTAC-a bildirmişlər ki, kampaniya çərçivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerler qoyulacaq, ABŞ konqresmenlərinin bəyanatları səslənəcək, Xocalı soyqırımına həsr olunmuş film və digər təbliğat tədbirləri həyata keçiriləcəkdir.
“Washington Post”, “New-York Times” qəzetlərinin 26 fevral sayının bütöv bir səhifəsi də Xocalı soyqırımına həsr olunacaqdır. Adıçəkilən dərgilərin, habelə “Politico” nəşrinin internet səhifələrində 1 həftə müddətində soyqırımı ilə bağlı pop-up yerləşdirəcəkdir. Təkcə bu pop-up vasitəsilə bu saytları izləyən 10 milyona yaxın insana Xocalı həqiqətləri çatdırılacaqdır.
Fevralın 23-dən etibarən AAA Nyu-York və Vaşinqton sakinlərini poster və bannerlərlə məlumatlandırmağa başlamışdır. Nyu-Yorkun ən böyük “Penn Station” dəmir yolu vağzalının giriş və çıxış qapılarında, müxtəlif köşələrdə, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilmiş, avtobus dayanacaqlarında, avtobusların üzərində bannerlər yapışdırılmışdır.
Həmçinin, Xocalı soyqırımını daha böyük müstəviyə, ABŞ-ın xarici siyasətində prioritet məsələlər dairəsinə çıxarmaq üçün AAA-nın saytında xüsusi bölmə yaradılmışdır. Milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hər bir kəs bu bölməyə daxil olaraq ABŞ Prezidentinə və konqresmenlərinə “Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində prioritet olmalıdır ” adlı məktub göndərə bilərlər. Saytda, həmçinin Xocalı hadisələri ilə bağlı geniş məlumatlar öz əksini tapır.
Azərbaycan-Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır.