AZƏRBAYCAN ATƏT İLƏ ƏMƏKDAŞLIĞA XÜSUSİ ÖNƏM VERİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 2-də xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının rəhbəri, Sloveniyanın keçmiş xarici işlər naziri Boris Fırleslə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən bildirmişlər ki, Cənubi Qafqaz ölkələrindən Gürcüstan və Ermənistanda keçirilən parlament seçkilərində müşahidəçilik təcrübəsinin olduğunu vurğulayan B.Fırles qarşıdan gələn prezident seçkilərində Azərbaycanda həyata keçirəcəkləri müşahidə missiyasının funksiyaları və planları barədə nazir E.Məmmədyarova məlumat vermişdir. Əsas məqsədlərinin seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsinə yardım etməkdən ibarət olduğunu bildirən qonaq, ATƏT-in müşahidəçi qrupunun fəaliyyəti haqqında ictimaiyyətin mütəmadi məlumatlandırılacağını diqqətə çatdırmışdır.
Azərbaycanın demokratik inkişaf yolunda olduğunu vurğulayan E.Məmmədyarov ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və demokratik dəyərlərə sadiqliyini bildirmişdir. Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şəraitin mövcudluğunu qeyd edən nazir bu istiqamətdə ATƏT ilə əməkdaşlığın önəmli olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin zəruriliyi ifadə olunmuşdur.