Azərbaycan Atletika Federasiyası bölgələrdə istedadlı atletlərin təyin olunması layihəsinə start verib
Bakı, 20 aprel, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Proqramının dəstəyi ilə Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyası istedadlı atletlərin təyin olunması layihəsinə start verib.
Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində xüsusi ekspert qrupunun beş müxtəlif rayona səfəri planlaşdırılıb. İsmayıllı rayon 3 saylı məktəb-liseydə atletika üzrə üç müxtəlif növdə (30 metrəyə qaçış, top atma və uzunluğa tullanma) uşaqların bacarıqları sınaqdan keçirilib.
Əlli uşaq (25 qız, 25 oğlan) arasında keçirilən yarışda ümumi nəticələr üzrə üç növün cəminə görə 10 qız və 10 oğlan, həmçinin hər növ üzrə ayrı-ayrılıqda qalib və mükafatçılar müəyyən olunub.
İştirakçılar sertifikatlarla təltif olunub və qaliblər mükafatlandırılıb.
Sonra ekspert qrupunun üzvləri İsmayıllı Rayon Olimpiya İdman Kompleksini ziyarət edərək rayonda atletika idman növü ilə məşğul olan uşaqların məşq prosesi ilə yaxından tanış olublar.
İkinci səfər Şamaxı rayonuna planlaşdırılır.