İDMAN
Azərbaycan atletləri suyatullanma yarışlarının sonuncu günündə bir qızıl və bir gümüş medal qazanıblar
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də İslamiadanın Bakı Su İdmanı Sarayında keçirilən suyatullanma yarışlarının sonuncu günündə atletlər iki növ üzrə medallar uğrunda mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, kişi idmançılar 10 metr hündürlükdən sinxron, qadın atletlər isə 3 metr tramplindən suyatullanma üzrə yarışıbar.
Azərbaycanı kişilərin yarışında Artyom Danilov və Dmitri Sorokin, qadınların mübarizəsində isə Olqa Bıkovskaya təmsil ediblər.
Qadınlar arasında 3 metr tramplindən suyatullanma yarışında uğurla çıxış edən Azərbaycan idmançısı Olqa Bıkovskaya bütün rəqiblərini qabaqlayaraq “Bakı-2017”nin çempionu olub. Gümüş medalı türkiyəli Yaprak Seli Keskin, bürünc medalı isə indoneziyalı Della Harimurti aktivlərinə yazdırıblar.
Kişilər arasında 10 metr hündürlükdən sinxron suyatullanma yarışında Azərbaycan cütlüyü - Artyom Danilov və Dmitri Sorokin gümüş medala sahib olub. İran təmsilçiləri Şahnam Nazarpur və Mojtaba Valipur “Bakı-2017”nin qalibi adını qazanıblar. İraq üzgüçüləri Husseyn Əl-Elayavi və Husseyn Əl-Maliki yarışı bürünc medalla başa vurublar.