İQTİSADİYYAT
Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır
Bu fikir Avropa Qaz Konfransında xüsusi vurğulanmışdır
Vyana, 1 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Avstriyanın Energetika Nazirliyinin və “Energy Exchange” şirkətinin təşkilatçılığı ilə yanvarın 29-dan fevralın 1-dək Vyana şəhərində Avropa Qaz Konfransı keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyindən bildirmişlər ki, konfransda Avropa İttifaqı (Aİ) ölkələrinin energetika agentlikləri, aparıcı şirkətlərin rəhbərləri, Transadriatik boru kəməri (TAP), “Nabukko”, “Şimal axını”, “Cənub axını” kimi mühüm layihələrin rəhbərləri, “Avroqaz” və “Energy Charter” kimi beynəlxalq təşkilatların baş katibləri iştirak etmişlər.
Konfransda Azərbaycanı ARDNŞ-in vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Avropa Komissiyasının energetika departamentinin baş direktoru Filipp Love çıxışında “Şahdəniz” və “Cənub qaz dəhlizi” layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyət daşıdığını qeyd etmiş və hər iki layihənin Avropa üçün prioritet olduğunu bildirmişdir.
“Statoil” şirkətinin birinci vitse-prezidenti Rune Byörnson və Avstriyanın OMV şirkətinin idarə heyətinin üzvü Hans-Peter Floren Azərbaycan ilə mövcud əməkdaşlıq əlaqələrinə toxunmuş, Azərbaycan və Xəzər hövzəsinin qaz ehtiyatlarının böyük əhəmiyyətindən bəhs etmiş və həyata keçirilən layihələrdən danışmışlar.
“Nabucco Gas Pipeline International GmbH” layihəsinin idarəçi direktoru Reynhard Mitçek Aİ-nin Rusiya qazından asılılığının azaldılmasının vacib olduğunu və bu prosesdə Xəzər qazının mühüm rol oynaya biləcəyini qeyd etmiş, “Nabukko” layihəsi çərçivəsində əldə olunmuş nailiyyətlər və layihənin gedişatı barədə məlumat vermişdir.
TAP boru kəməri layihəsinin rəhbərliyinin təmsilçisi də bu layihənin gedişatı barədə məruzə ilə çıxış etmişdir.
Azərbaycan ilə əlaqədar çıxış edənlərin əksəriyyəti ölkəmizin Avropa üçün vacib və etibarlı tərəfdaş olduğunu qeyd etmişlər.
Tədbir çərçivəsində müxtəlif mövzulara həsr olunmuş bir sıra plenar iclaslar keçirilmişdir. “Avropanı qazla təmin edən nəhəng - “Cənub qaz dəhlizi” çərçivəsində inkişaf prosesi və Azərbaycanın “Şahdəniz” yatağı” adlı plenar sessiyada Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia “Bakıdan Avropa İttifaqının “Cənub dəhlizi“ layihəsinə baxış” adlı məruzə ilə çıxış edərək, son illərdə “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində əldə olunmuş irəliləyişləri diqqətə çatdırmış, TANAP, TAP və “Nabukko” layihələri ilə bağlı görülmüş işlər, TANAP layihəsinin ratifikasiyası, TAP və “Nabukko” konsorsiumları ilə “Şahdəniz“ konsorsiumunun üzvləri arasında imzalanmış müqavilələr və gələcəkdə payların bölüşdürülməsinə dair memorandumlar haqqında ətraflı söhbət açmışdır. Səfir Azərbaycanın karbohidrogen ehtiyatlarını diqqət mərkəzinə çəkərək, Xəzər dənizində nəhəng resursların mövcud olduğunu qeyd etmişdir. O, Azərbaycanın Aİ üçün vacib strateji tərəfdaş olduğunu xüsusi vurğulamışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, ARDNŞ-in vitse-prezidentinin müavini Vitali Bəylərbəyov plenar iclasda “Cənub qaz dəhlizi layihəsi” adlı təqdimatla çıxış etmiş və Azərbaycan qazının Avropaya nəql edilməsi ilə bağlı geniş məlumat vermişdir. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış və bəzi şirkətlərin rəhbərləri və təhlilçilər V.Bəylərbəyova mövzu ilə bağlı suallar ünvanlamışlar.
ARDNŞ-in vitse-prezidentinin müavini Vitali Bəylərbəyov və şirkətin Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmişlər.
Dörd yüzdən artıq nümayəndənin qatıldığı konfrans çərçivəsində ARDNŞ-in Avstriyadakı nümayəndəliyi şirkət haqqında və həmçinin Azərbaycanda neft və qaz sənayesinin tarixi barədə maraqlı faktları əks etdirən buklet və kitabçaları iştirakçılar arasında paylamışdır.
Eyni zamanda sessiyaların birində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Gülmira Rzayeva məruzəsi ilə çıxış etmişdir.
Konfransda Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndələri iştirak etmişlər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana