AZƏRBAYCAN AVROPA ŞURASI İLƏ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNMƏSİNDƏ MARAQLIDIR
Səməd Seyidov demişdir ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Ölkəmiz bu quruma tamhüquqlu üzv qəbul olunduqdan sonra bir sıra mühüm addımlar atmışdır. Bu addımlar Avropa Şurasının tələblərinə görə deyil, Azərbaycanın özünün demokratik dəyərlərə yiyələnməsi ilə bağlıdır. Lakin bir sıra problemlərin mövcudluğu bizim və ümumilikdə Avropanın inkişafında ciddi maneə yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər həll olunmaması, AŞ-nin üzvü olan Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymayaraq təcavüzkar siyasətindən əl çəkməməsi bizi çox narahat edir. Biz Avropa Şurasının münaqişə ilə bağlı qəbul etdiyi sənədləri yüksək qiymətləndirir və ümid edirik ki, problemin həlli ilə bağlı əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.
Jan Lui Loran demişdir ki, Avropa Şurası Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. Bakıya səfərdən məqsəd də bu və digər məsələləri müzakirə etməkdir. Təşkilatda Avropa Şurası-Azərbaycan -Avropa Komissiyası əməkdaşlığı barədə qərar qəbul olunmuşdur və yaxın günlərdə bu proses başlayacaqdır. Ona görə də bəzi məsələləri bir daha yerindəcə müzakirə edib müəyyən qərarlar qəbul etməliyik. Bu əməkdaşlığın daha səmərəli olması üçün parlament də mühüm rol oynayacaqdır. Azərbaycanda bir sıra vacib qanunlar qəbul olunmalı, bəziləri təkmilləşdirilməli, beynəlxalq müqavilə və konvensiyalar təsdiq olunmalıdır.
Görüşdə iştirak edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentin qanunvericilik sahəsindəki planları barədə ətraflı məlumat vermişdir.
Sonra tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.