AZƏRBAYCAN AYRICA BƏYANAT VERMƏMİŞDİR
AZƏRTAC-ın müxbiri buna aydınlıq gətirmək üçün Xarici İşlər Nazirliyi mətbuat mərkəzinin rəhbəri Mətin Mirzəyə müraciət etmişdir. O demişdir:
- 2003-cü il mayın 7-də Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 16-cı bəndinə uyğun olaraq, Azərbaycan hərbi qulluqçularının İraqa göndərilməsi haqqında ölkə Prezidentinin təqdimatına baxaraq, müvafiq müsbət qərar qəbul etmişdir.
BMT Təhlükəsizlik Şurasının 2004-cü il 8 iyun tarixli 1546 nömrəli qətnaməsinə tam uyğun olaraq, İraq hökumətinin xahişi ilə Azərbaycanın 150 nəfər hərbi qulluqçusu hazırda həmin ölkədə ÇMQ-nin tərkibindədir.
İraqda tez-tez terror aktlarının baş verməsi və girovlar götürülməsi ilə əlaqədar ÇMQ-yə daxil olan ölkələr birgə bəyanatla çıxış etməyi qərara almışlar. Həmin bəyanatın mətni ÇMQ-yə daxil olan ölkələrlə, o cümlədən də Azərbaycan rəhbərliyi ilə razılaşdırılmış və avqustun 5-də yayılmışdır. Nəzərə çarpdırırıq ki, Azərbaycan ayrıca bəyanat verməmişdir.
ÇMQ-yə daxil olan ölkələrin İraq xalqına vahid, suveren və dinc İraq qurmaqda kömək etmək əzmində olduğunu təsdiqləyən bu bəyanat terrorizmi pisləyir və nəzərə çarpdırır ki, ÇMQ-yə daxil olan ölkələr terrorçulara heç bir güzəştə getməyəcək və onların hədə-qorxuları qarşısında geri çəkilməyəcəklər.
Beləliklə, bu bəyanat Azərbaycanın İraq barəsində apardığı siyasət çərçivəsində verilmişdir və ölkənin beynəlxalq terrorizmlə mübarizəyə yönəldilmiş xarici siyasət xəttinə tam uyğundur.
Bəyanat Azərbaycan hərbi kontingentinin İraqda olması, artırılması və ya statusunun dəyişdirilməsi məsələsinə heç bir yeni cəhət daxil etmir. Qeyd etmək lazımdır ki, Azərbaycan hərbi qulluqçuları ÇMQ tərkibində İraqa könüllülük əsasında göndərilmişdir və onların arasında həm müddətli, həm də müddətindən artıq hərbi xidmətdə olan əsgərlər vardır. Azərbaycanın Müdafiə Nazirliyi özünün İraqdakı hərbi kontingenti ilə daim əlaqə saxlayır və onun vəziyyətindən xəbərdardır.