AZƏRBAYCAN AZAD İSTEHLAKÇILAR İTTİFAQI LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİNİ BAŞA ÇATDIRMIŞDIR
Azərbaycan Azad İstehlakçılar İttifaqı (AAİİ) “Qafqazda istehlakçılar hərəkatı” layihəsinin həyata keçirilməsinə dair işləri başa çatdırmışdır.
Bu regional layihə çərçivəsində Azərbaycanda, Ermənistanda və Gürcüstanda istehlakçıların hüquqlarının qorunmasına dair yerli qanunların monitorinqi keçirilmiş və onların istehlakçıların hüquqlarını müdafiəsi üzrə beynəlxalq normalara, Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə uyğun olub-olmadığı araşdırılmışdır. BMT-nin ekspertləri bu işdə AAİİ mütəxəssislərinə böyük yardım göstərmişlər. Monitorinq nəticəsində aydın olmuşdur ki, 1997-ci ildə Azərbaycanda qəbul edilmiş “İstehlakçıların hüquqlarının qorunması haqqında” Qanun Gürcüstanın və Ermənistanın müvafiq qanunlarından xeyli mükəmməldir. Bu ölkələrin parlamentləri həmin qanunları müvafiq olaraq 2000 və 2001-ci illərdə qəbul etmişlər.
AAİİ ekspertləri layihəni həyata keçirərkən hər üç ölkənin istehlak bazarını beş dərəcə üzrə öyrənmişlər. Qiymət siyasətinin formalaşmasına, sertifikatsız və vaxtı keçmiş malların satışına xüsusi diqqət yetirilmişdir. Məlum olmuşdur ki, Azərbaycanda istehlak olunan məhsulun çeşidi Ermənistan və Gürcüstandakından iki dəfə çoxdur.
Monitorinqin nəticələrindən biri də o olmuşdur ki, regionda gen mühəndisliyi üsulları və texnologiyalarından istifadə olunmaqla hazırlanmış ərzaq məhsulları aşkar edilməmişdir. Bununla yanaşı, bu ölkələrin hər üçündə ərzaq məhsullarının saxlanması ilə bağlı nöqsanlar var. Tədqiqatlar göstərmişdir ki, yay mövsümündə tonlarla kolbasa məhsulu soyuducu kameralarda saxlanmamış və yararlı məhsullarla bir yerdə satışa çıxarılmışdır. Bu isə istehlakçıların sağlamlıq üçün təhlükəli olan ərzaq məhsulları alması ehtimalını artırmışdır.
Layihənin həyata keçirildiyi müddətdə minə yaxın adam AAİİ tərəfindən təşkil edilmiş birbaşa telefon xətti ilə mütəxəssislərə müraciət edərək, məsləhət almış, iki iqtisadi kollecin tələbələri isə İttifaqın himayəsi ilə istehsalat təcrübəsi keçmişlər.
Layihənin nəticələrinə görə, bir sıra ali məktəblərdə istehlak təhsilinə dair mühazirə kurslarının aparılması barədə müvafiq instansiyalara müraciət etmək qərara alınmışdır.
Tədqiqatlar göstərmişdir ki, Azərbaycanda əhalinin bazar işçilərinin təhsilinə və onların hazırlanmasına münasibəti dəyişmişdir. Bununla əlaqədar AAİİ parlamentdə “Təhsil haqqında” yeni qanunun qəbul edilməsinə hazırlıqla əlaqədar Milli Məclisin komissiyasına təkliflər və tövsiyələr hazırlayır.
AAİİ postsovet məkanında istehlak mallarının keyfiyyətini yoxlamaq üçün müstəqil laboratoriya yaratmağa qrant almış ilk təşkilatdır. Hazırda onun ekspertləri ölkəmizdə yodlaşdırılmış duz qıtlığı problemini araşdırmaq üçün YUNİSEF ilə bağlanmış müqavilənin yerinə yetirilməsi işinə başlamışlar.