İDMAN
Azərbaycan Basketbol Federasiyası və FIBA Çempionlar Liqası rəsmiləri arasında görüş keçirilib
Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və digər federasiya rəsmiləri ilə qitənin önəmli klub turnirlərindən biri sayılan FIBA Çempionlar Liqasının rəsmi şəxsləri arasında görüş keçirilib.
ABF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, federasiya prezidenti Azərbaycan Basketbol Liqasının (ABL) ildən-ilə artan keyfiyyətindən, ölkəmizdə basketbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və hazırlanan yeni layihələr barədə danışıb.
Qarşılıqlı fikir mübadiləsi əsasında keçirilən görüşdə federasiya prezidenti əsas və müxtəlif yaş qrupları üzrə milli komandalar səviyyəsində görülən işlərdə FIBA-nın göstərdiyi dəstəyə görə rəsmilərə minnətdarlığını bildirib.
FIBA Çempionlar Liqasının rəsmiləri də öz növbələrində Azərbaycanda basketbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirləri və başda "Sabah" klubu olmaqla klub basketbolunun da artan xətlə yüksəlişini qiymətləndirərək ABF-nin qarşıdakı illərdə də bu istiqamətdə fəaliyyətini yüksək səviyyədə davam etdirəcəyinə inandıqlarını bildiriblər.