Azərbaycan batutçuları dünya kuboku yarışlarında tam qüvvə ilə çıxış etməyə hazırdırlar
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan gimnastları Bakıda təşkil olunacaq batut gimnastikası və tamblinq üzrə dünya kubokunda tam qüvvə ilə çıxış etməyə hazırdırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri İlya Qrişunin və Oleq Piunov deyiblər.
“Biz yarışa çox ciddi hazırlaşmışıq. Çünki uzun zamandır yarışlarımız yox idi. Son bir ay çox ağır oldu, amma hesab edirəm ki, bu yarışadək formamızın pik həddinə çatacağıq. Çox az vaxt qalıb, biz bütün gücümüzü ortaya qoyacağıq. Bizim idman növü səhvləri bağışlamır, hamının ancaq bir şansı var”, - deyə İ.Qrişunin deyib.
Qeyd edib ki, gimnastlar əsas ümidlərini sinxron çıxışlara bəsləyir: “Bizim Oleqlə sinxron çıxışlarımız çox yaxşı alınır. Hesab edirəm ki, bizim üçün artıq fəxri kürsü uğrunda mübarizə aparmaq vaxtı çatıb. Rəqabət yüksəkdir, amma əgər medallara can atmasaq, onda çıxış etmək nəyə lazımdır”.
O.Piunov arenada məşqlərin və yarışların yüksək səviyyədə keçdiyini bildirib.
“Hesab edirəm ki, bu, hazırlığına və təşkilatçılığına görə ən yaxşı dünya kuboku olacaq. Bakıda görülən işlərin həcmini mən başqa heç bir yarışda görməmişəm. Şərait möhtəşəmdir, hamı bizə yardım edir”, - deyə gimnast əlavə edib.
Gimnastlar, həmçinin sakinlərə müraciət edərək həftəsonu günlərində onlara dəstək olmağa dəvət ediblər: “Biz bu həftəsonu azarkeşlərimizi arenada gözləyirik. Sizin dəstəyiniz bizə yaxşı nəticələr göstərməyə imkan verəcək”.