AZƏRBAYCAN BƏSTƏKARININ MUSİQİSİ LONDONDA SƏSLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, San-Fransiskonun dünyada ən yaxşı sayılan “Kronos” kvartetinin yanvarın axırında Londonda konserti olmuşdur. Hər bir bəstəkar heç olmasa bir əsərinin bu məşhur musiqi kollektivinin ifasında səslənməsini özünə şərəf bilir. Azərbaycan bəstəkarı Firəngiz Əlizadə isə artıq 12 ildir belə şərəf sahibidir. “Kronos-kvartet” onun musiqisini Nyu-Yorkun “Karnegi holl” sarayından tutmuş Tokionun “Santori holl” sarayınadək dünyanın ən mötəbər salonlarında ifa etmişdir.
Londonun nəhəng “Barbikan holl” sarayı bu dəfə də musiqisevərlərlə dolu idi. Burada verilən konsertin proqramına F.Əlizadənin “Vahə” əsəri də daxil olunmuşdu. Burada konsertlə yanaşı, “Kronos”un yeni musiqi albomunun təqdimatı da keçirilmişdir. Alboma həmyerlimizin “Vahə”, “Abşeron-kvintet”, “Muzic for piano” və “Muğamsayağı” əsərləri də daxildir.
Konsertdən sonra musiqisevərlər bəstəkardan bu alboma avtoqraf qoymasını da xahiş etməyi unutmamışlar. Albomun nəfis tərtibatlı üzlüyündə Firəngiz Əlizadənin yaradıcılığını səciyyələndirən Dirçəliş, Əbədi təzələnmə kimi xüsusiyyətlərin rəmzi olan Simurq quşunun təsviri verilmişdir. Albomun mətni Səməd Vurğunun “Azərbaycan” şeirindəki “Qoca Şərqin qapısısan” sətri ilə başlanır. Mətnin başlıca mövzusunu Azərbaycan bəstəkarının yaradıcılığının öz dilinə görə nadir musiqisinin mədəniyyətlərin dialoqu, müasir dünya üçün böyük əhəmiyyəti barədə fikir təşkil edir.
Yeni musiqi albomundan daha bir neçə sətir göstərmək istərdik: “Azərbaycanı “Leyli və Məcnun” poemasının müəllifi Nizami Gəncəvinin Vətəni kimi, virtuoz violonçelçi və dirijor Mstislav Rostropoviçin Vətəni kimi tanıyırlar. İndi onlara Firəngiz Əlizadənin də adını əlavə etmək olar. Bu ad Yeni Şərq musiqisinin, Qərbin və Şərqin dəyərlərini birləşdirən müasir intellektual sənətin rəmzinə çevrilmişdir”.
Nyu-Yorkun “Music billboard magazine” jurnalının 15 yanvar tarixli nömrəsində yeni alboma həsr edilmiş belə sözlər var: “Firəngiz Əlizadə bu gözəl musiqi albomunda nəinki heyranedici parlaq musiqinin müəllifi kimi, həm də mahir pianoçu kimi çıxış edir”. Həmvətənimizin musiqisini icmalçı Conatan Kurye də yüksək qiymətləndirmişdir. O, “San Francisko Chronikle” qəzetinin yanvar nömrələrindən birində yazmışdır: “Firəngiz Əlizadənin mistik və çox dramatik musiqisi bizi əsrarəngiz aləmə səyahətə dəvət edir. Biz skripkanın gözəl təranələrinin qanadlarında sanki uçuruq, yeni tembrlər eşidirik... Bu nədir? Məhəbbət sədalarıdır? Müharibə harayıdır? Vətənpərvərlik çağırışıdır? Daxili mübarizə səsidir? “Kronos-kvartet”i və onun ifa etdiyi Firəngiz Əlizadə musiqisini dinlədikdə adamı bütün bu hisslər və fikirlər bürüyür”.