AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI ÜZVLƏRİNİN YARADICILIQ ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI TƏDBİRLƏRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Bəstəkarlar İttifaqının yerləşdirilməsi üçün müvafiq bina ayrılmasına və onun təmirinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Bakı Şəhər İcra Hakimiyyəti Abşeron yarımadasında Azərbaycan Bəstəkarlar İttifaqı üzvləri üçün yaradıcılıq evinin tikilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla Azərbaycan bəstəkarlarının əsərlərinin nəşri və elektron daşıyıcılar vasitəsilə yayılmasının təmin olunmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla yaşlı və gənc nəsil bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondunun yaradılması və həmin fonddan istifadə qaydaları ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2007-ci il.