RƏSMİ XRONİKA
AZƏRBAYCAN-CƏNUBİ KOREYA BİZNES FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 24-də Seulda Azərbaycan və Cənubi Koreya iş adamlarının biznes forumu keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak etmişdir.
Biznes forumda ölkəmizdən 40-dan çox, Cənubi Koreyadan isə 60-a yaxın iş adamı və aparıcı şirkətləri birləşdirən assosiasiyanın rəhbərləri iştirak etmişdir.
Forumun birinci hissəsində Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Cənubi Koreyanın Ticarət və Sənaye Palatasının prezidenti Kim San Yeol çıxış etdilər. Onlar ölkələrimiz arasında iqtisadi əlaqələrin uğurla inkişaf etməsini məmnunluqla vurğulayaraq, bir sıra layihələrin həyata keçirildiyini və nəzərdə tutulduğunu, qarşılıqlı ticarət dövriyyəsinin həcminin 115 milyon dollardan çox olduğunu xatırlatdılar. Bildirildi ki, forum çərçivəsində bir sıra razılaşmalar əldə olunmuş, anlaşma memorandumları da imzalanmışdır. Bu memorandumlar Cənubi Koreya tərəfindən Bakıda külək elektrik stansiyasının, gəmiqayırma zavodunun tikintisini nəzərdə tutur.
Nazirlər bildirdilər ki, biznes forumun nəticələri hər iki tərəf üçün faydalı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda nitq söylədi. Azərbaycanın iqtisadi vəziyyəti haqqında məlumat verən dövlətimizin başçısı ökəmizdə əlverişli investisiya mühiti yaradıldığını bildirdi və Koreya iş adamlarını sıx əməkdaşlığa dəvət etdi. Prezident İlham Əliyev dedi ki, Cənubi Koreyanın şirkətləri üçün ölkəmizin qapısı açıqdır, onların sərmayələrini dəstəkləyirik, konkret müzakirə olunan layihələr var və onların ümumi dəyəri 1 milyard dollardan çoxdur. Azərbaycan Prezidenti Cənubi Koreyanın hökumət nümayəndələrindən və iş adamlarından ibarət böyük nümayəndə heyətini bu ilin yayında Bakıya səfərə dəvət etdi.