SİYASƏT
AZƏRBAYCAN-ÇİN DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİ YARADILMIŞDIR
Milli Elmlər Akademiyasının Rəyasət heyətində Azərbaycan-Çin Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təsis yığıncağı olmuşdur. Milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov yığıncağı açaraq, Azərbaycan-Çin əlaqələrinin qədim tarixi olduğunu, hələ orta əsrlərdə Çindən başlayan Böyük İpək yolu vasitəsilə ölkələrimiz arasında fəal ticarət əlaqələrinin yarandığını, dahi Nizami Gəncəvinin yaradıcılığında Çin motivlərinin də əksini tapdığını xatırlatdı.
Müstəqillik dövründə ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxmışdır. Bunun da əsası Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ilin mart ayında Çin Xalq Respublikasına rəsmi səfəri zamanı qoyulmuşdur. Dövlət müşaviri dedi ki, cəmiyyətin yaradılmasının təşəbbüsçüsü körkəmli alim, MEA-nın akademiki, Milli Məclisin deputatı Cəlal Əliyevdir. Cəmiyyət Azərbaycanla Çin arasında iqtisadi, mədəni, elmi əlaqələrin inkişafına kömək göstərmək məqsədi daşıyır.
Sonra təşəbbüs qrupunun üzvləri - deputatlar, elm və mədəniyyət xadimləri cəmiyyətin təsis edilməsinin, onun rəyasət heyətinin seçilməsinə səs verdilər. Cəlal Əliyev Azərbaycan-Çin Dostluq və Əməkdaşlıq Cəmiyyətinin prezidenti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov vitse-prezidenti, Prezidentin Katibliyinin eksperti Rafiq Abbasov isə məsul katibi seçildilər.
Akademik Cəlal Əliyev ona göstərilən etimada görə təşəkkür edərək, dünyanın qədim tarixə, ozünəməxsus mədəniyyətə və zəngin elmi ənənələrə malik ən iri ölkələrindən biri olan Çinlə münasibətlərin hərtərəfli inkişafının zəruriliyini vurğuladı.
Çinin Bakıdakı səfiri Çjan Siyun dostluq cəmiyyətinin yaradılması münasibətilə yığıncaq iştirakçılarını təbrik edərək dedi ki, ölkələrimiz arasındakı münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyev və ÇXR-in sədri Tszyan Tszeminin şəxsi dostluğuna əsaslanır. Azərbaycan Prezidentinin Çinə rəsmi səfəri zamanı imzalanmış 8 dövlətlərarası saziş bütün sahələrdə əlaqələrin inkişafının təməlini qoymuşdur. Neft hasilatı, energetika, parlamentlərarası əlaqələr sahəsində əməkdaşlıq fəal şəkildə genişlənir. Səfir ÇXR ilə əməkdaşlığın genişləndirilməsi üçün göstərdiyi səylərə görə Cəlal Əliyevə təşəkkürünü bildirdi.
Sonra diplomat Çin Xalq Dostluq Cəmiyyəti sədrinin akademik Cəlal Əliyevə təbrik məktubunu oxudu. Məktubda deyilir ki, Azərbaycan-Çin Dostluq və Əməkdaşlıq Cəmiyyətinin yaradılması ikitərəfli münasibətlərin inkişafına təkan verəcək və Çin Xalq Dostluq Cəmiyyəti onunla əlaqələr qurmağa hazırdır. Hazırda ÇXR-də də Çin-Azərbaycan Dostluq Cəmiyyətinin yaradılması ilə əlaqədar iş gedir.
Səfir akademik Cəlal Əliyevə xatirə hədiyyəsi təqdim etdi.