Azərbaycan Dəmir Yolları peşə sağlamlığı üzrə beynəlxalq standartın tətbiqinə başlayır
Bakı, 20 iyun, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yanacaq və sürtkü yağları təminatı departamenti beynəlxalq ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” standartının tətbiqinə başlayıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, standartın tətbiqində əsas məqsəd “Azərbaycan Dəmir Yolları”nın əməkdaşları üçün daha sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır. Bununla əlaqədar olaraq QSC-nin 25 əməkdaşı onlayn təlimlərə cəlb edilib.
Təlim proqramı məşhur “Societe Generale De Surveillance” (SGS) şirkəti tərəfindən hazırlanıb və SGS ekspertləri tərəfindən tədris olunur. Bir neçə gün davam edəcək təlim proqramları çərçivəsində ISO 45001:2018 standartının tətbiqinə nəzarət etməli olacaq daxili auditorlar hazırlanacaq. Hazırda təlimlərdə QSC-nin Yanacaq və sürtkü yağları təminatı departamenti və digər struktur bölmələrində çalışan mütəxəssislər iştirak edir.
ADY peşə sağlamlığı və təhlükəsizliyi sahəsində ən yüksək beynəlxalq standart hesab edilən ISO 45001:2018 üzrə uyğunluq sertifikatını yaxın gələcəkdə almağı hədəfləyir.
Sağlam iş şəraitinin təmini edilməsi ilə yanaşı, ISO 45001:2018 standartı əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət olunması, iş qəzaları və peşə xəstəlikləri səbəbindən yaranan xərclərin azaldılması və səmərəliliyin azalmasının qarşısının alınması, risklərin qiymətləndirilməsi və idarəedilməsi tələblərini də əhatə edir.