AZƏRBAYCAN DEMOKRATİK, HÜQUQİ VƏ DÜNYƏVİ DÖVLƏT QURUCULUĞU YOLU İLƏ İNAMLA İRƏLİLƏYİR
Qonaqları səmimi salamlayan baş prokuror Zakir Qaralov Avropa Şurasının baş katibi Valter Şvimmerin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilərin seçki keçirmək haqqında niyyətlərinin qanunsuz olması barədə bəyanatının Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, bu cür obyektiv və qərəzsiz münasibət təkcə Dağlıq Qarabağ probleminin həlli məsələsində deyil, bu qəbildən bütün digər münaqişəli bölgələrdə separatçılıq meyllərinin qarşısının alınması məqsədlərinə xidmət etməklə, Azərbaycan dövlətinin ədalətli mövqeyi və haqlı tələblərinə dəstək verir. Lakin bununla yanaşı bildirilmişdir ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli prosesində konstruktiv mövqe tutmayan Ermənistanın məsələyə təcavüzkar mövqedən yanaşmaqla işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirmək niyyəti barədə bəyanat verilməsi vəziyyətin daha da gərginləşdirilməsinə xidmət edir.
Açıq fikir mübadiləsi və konstruktiv dialoq şəraitində keçən görüşdə baş prokuror Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası barədə qonaqlara ətraflı məlumat vermişdir. Xalqımızın ümummilli lideri və müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyevin rəhbərliyi ilə başlanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən demokratik məzmunlu islahatlar kursunun ölkəmizdə sivil, dünyəvi və hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əsasını təşkil etdiyini vurğulayan baş prokuror Azərbaycanın bu yolla inkişaf etmək əzminin dönməz olduğunu diqqətə çatdırmışdır.
Dövlətmizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində islahatların davam etdirilməsi və milli prokurorluq orqanlarında baş verən mütərəqqi dəyişikliklər nəticəsində bu gün Azərbaycanda insan və vətəndaş hüquqları və azadlıqlarının real təmin olunması üçün bütün təsisatların yaradıldığı və bu istiqamətlərdə görülən işlərin davam etdirildiyi xüsusi vurğulanmışdır. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan Prokurorluğunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə görülən bir sıra tədbirlər barədə məlumat verilmişdir.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross ilə 2004-cü il mayın 20-də Baş Prokurorluqda keçirilən görüşdən sonrakı dövrdə ölkəmizin beynəlxalq əlaqələrin inkişafı istiqamətində əldə etdiyi bir sıra nailiyyətləri diqqətə çatdıran baş prokuror Zakir Qaralov Prezident İlham Əliyevin respublikamızın Avropa və Avratlantik qurumlarına inteqrasiyası sahəsində göstərdiyi səylərdən danışmışdır.
Qonaqlara beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin icrası ilə əlaqədar görülən işlər, o cümlədən dövlətimizin korrupsiya ilə mübarizə sahəsində Avropa regional və beynəlxalq təşəbbüslərə qoşulması, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına milli məruzənin təqdim olunması və ölkəmizin QREKO (korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu) təşkilatına qəbul olunması barədə məlumat verildi. Korrupsiya ilə mübarizə üzrə Dövlət Proqramının iyulun 28-29-da ABŞ və digər ölkələrin səfirlikləri, beynəlxalq təşkilatlar, yerli və xarici biznes qurumları, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə dəyirmi masada müzakirəsinin nəticələri barədə məlumat verən baş prokuror, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində dövlətimizin başçısının siyasi iradəsinə söykənən ciddi tədbirlərin görüləcəyinə qonaqları əmin etdi.
Görüşdə, həmçinin insan və vətəndaş hüquqları və azadlıqlarının qorunması istiqamətində görülən tədbirlər, bu sahədə ölkəmizin məhkəmə-hüquq sistemində mövcud olan təminatlar ilə bağlı qonaqları maraqlandıran suallara ətraflı cavablar verilmişdir.
Görüşün sonunda baş prokuror Zakir Qaralov Azərbaycanda demokratik məzmunda baş verən müsbət dəyişikliklərin daha da genişləndirilməsinin stimullaşdırılması üçün həmin proseslərə obyektiv və qərəzsiz qiymət verilməsinin önəmli olduğunu xüsusi vurğulamışdır.