Azərbaycan diasporunun gəncləri 31-ci AFS Gənclər Assambleyasında
Bakı, 13 avqust, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində keçirilən 31-ci “American Field Service” (AFS) Gənclər Assambleyasının ilk günü başa çatıb. Müxtəlif ölkələrdən gəncləri bir araya gətirən tədbirdə Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının Macarıstan, Estoniya, Kanada, Finlandiya və Litvadan olan üzvləri, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı iştirak edir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun dərinləşməsinə və yeni birgə təşəbbüslərin yaranmasına həsr olunan ilk gün çərçivəsində iştirakçılar gənc liderlərlə tanış olub, əlaqələr qurub və təcrübə mübadiləsi aparıblar.
ADG-nin icraçı direktorunun müavini, Estoniya üzrə koordinatoru Nəzrin Cəfərova Azərbaycan diaspor gənclərinin fəaliyyəti və gələcək təşəbbüsləri barədə çıxış edib.
Qeyd edək ki, Assambleyada panel və tematik sessiyalarda qlobal çağırışlar, gənclərin qərarvermədə rolu, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, 31-ci AFS Gənclər Assambleyası gənclərin qlobal problemlərin həllində rolunun artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi, dayanıqlı inkişaf məqsədlərinin təşviqi, beynəlxalq əməkdaşlığın və innovativ yanaşmaların gücləndirilməsi istiqamətində dünyanın aparıcı gənclər platformalarından biri hesab olunur.