“AZƏRBAYCAN DÖVLƏT DƏMİR YOLU ÜÇÜN YENİ TƏNZİMLƏYİCİ ÇƏRÇİVƏ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarın məqsədi dəmir yolunun restrukturizasiyası və müvafiq islahatların aparılmasına, Avropa ölkələrinin təcrübəsinə uyğun müvafiq hüquqi bazanın formalaşdırılmasına texniki dəstək göstərilməsindən, bu sahədə bir sıra Avropa ölkələrinin təcrübəsinin öyrənilməsindən, bununla bağlı müvafiq rəy, təklif və tövsiyələrin formalaşdırılmasından ibarətdir.
Seminar Avropa Komissiyasının, Beynəlxalq Dəmiryol İttifaqının (UİC), Avropa Dəmiryol İnfrastrukturları Menecerləri Təşkilatının (EİM), Avropa Dəmiryol və İnfrastruktur Şirkətləri Birliyinin (CER), Almaniya, Böyük Britaniya, Hollandiya və Aİ üzvü olan digər dövlətlərin ekspertləri tərəfindən aparılmışdır.
TAİEX proqramı çərçivəsində Azərbaycanın “Dəmir yolu ilə beynəlxalq daşımalar haqqında” konvensiyaya (COTİF) qoşulması, Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilata (OTİF) üzv olma prosesinə kömək göstərilməsi də nəzərdə tutulur.
Seminarda qeyd edilmişdir ki, ölkədə nəqliyyat dəhlizlərinin tam gücü ilə fəaliyyətə başlaması, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin reallaşması və istismara verilməsi ərəfəsində ölkəmizin bu Konvensiyaya qoşulması zəruri olacaqdır.