Azərbaycan Dövlət Pedaqoji Universitetində magistrantlarla onlayn görüş olub
Bakı, 31 dekabr, AZƏRTAC
Dekabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistratura və doktorantura şöbəsinin rəhbərliyi universitetdə təhsil alan 250-dək magistrantın iştirakı ilə “Microsoft Teams” platforması üzərindən onlayn görüş təşkil edib.
AZƏRTAC xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, onlayn qaydada başa vurulan semestrin yekunları və qarşıdakı imtahan sessiyasının təşkilinə həsr olunan görüşdə çıxış edən ADPU-nun magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov builki Həmrəylik Gününün xüsusi əhəmiyyətindən söz açaraq ilin əvvəlindən dünyanın üzləşdiyi olduqca mürəkkəb qlobal pandemiya şəraiti və Azərbaycan tarixinin şanlı Zəfər günlərinin sınaqları fonunda bütün cəmiyyətimizin əsl həmrəylik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı ətrafında dəmir yumruq kimi birləşdiyini vurğulayıb.
Natiq cəmiyyətin bütün təbəqələrində olduğu kimi, ADPU-nun da tələbə və məzunlarının Vətən müharibəsində iştirakından danışıb, bütün şəhidlərə, o cümlədən ADPU-nun 9 şəhid məzununa Allahdan rəhmət diləyib.
İ.Bayramov deyib ki, növbəti elmi tədqiqatların, konfransların ana xəttində Vətən müharibəsi, şəhidlərimizin təbliğinin pedaqoji-psixoloji əsasları, işğaldan azad olunmuş doğma Qarabağımızın təhsil quruculuğuna dəstək və metodik tədqiqatlar olmalıdır.
Cari semestr ərzində tədrisin məsafədən təşkilində önə çıxan obyektiv və subyektiv çətinliklər, əldə olunan nəticələrlə bağlı müzakirələrdən sonra qarşıdakı onlayn imtahan sessiyası ilə əlaqədar tələbələri maraqlandıran suallar şöbə əməkdaşları tərəfindən cavablandırılıb.