Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaradılması Ulu Öndərin adı ilə bağlıdır
Bakı, 10 may, P.İmanova, AZƏRTAC
Mayın 10-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Azərbaycan və azərbaycanlılar” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADRA-nın rektoru, akademik Ömər Eldarov ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlərindən, Ümummilli Liderin mədəniyyətin, incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb. Bildirilib ki, Rəssamlıq Akademiyası görkəmli dövlət xadimi Heydər Əliyevin xüsusi tapşırığı və 2000-ci il 13 iyun tarixli Fərmanı ilə yaradılıb.
Ölkəmizin çiçəklənməsində və bütün sahələrdə inkişafında, əhalinin rifahının yaxşılaşdırılmasında görkəmli dövlət xadiminin gördüyü böyük işlərdən söz açan rektor Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Ümummilli lider Heydər Əliyevin xatirəsinin daim böyük ehtiramla yad ediləcəyini bildirib.
Sonra “Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisi kimi”, “Milli mədəniyyətimizin təəssübkeşi”, “Milli sərvətlərimizin qorunmasında Heydər Əliyevin rolu”, “Azərbaycan təsviri sənətində Heydər Əliyev obrazi” və digər mövzularda məruzələr dinlənilib.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin multikulturalizm siyasətindən, Ulu Öndərin hakimiyyətdə olduğu bütün dövrlərdə milli mənəvi sərvətlərimizin, mədəniyyət abidələrimizin qorunması istiqamətində gördüyü böyük işlərdən danışıb, dahi rəhbərin görkəmli elm və mədəniyyət xadimlərinə hər zaman diqqət və qayğı ilə yanaşdığını vurğulayıblar.
Konfrans çərçivəsində ADRA-nın Muzey-Sərgi Kompleksində tələbələrin yaradıcılıq işlərindən ibarət sərgi açılıb. Rəngkarlıq, qrafika, qobelen və digər üslublarda nümayiş olunan əsərlər sırasında Ümummilli Liderin portretləri ilə yanaşı, Azərbaycanın görkəmli şəxsiyyətləri, zəngin təbiəti, tarixi abidələri, dünəni və bu gününü tərənnüm edən sənət nümunələri də yer alıb.
Mayın 18-dək davam edəcək sərgidə 200-dən çox əsər nümayiş olunur.