AZƏRBAYCAN DÜNYA BANKI İLƏ KƏND TƏSƏRRÜFATININ İNKİŞAFI SAHƏSİNDƏ DƏ UĞURLA ƏMƏKDAŞLIQ EDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Davamlı inkişaf sektorunun direktoru Peter Tomsonun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 12-də Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov ilə görüşmüşdür.
Görüşdə Davamlı inkişaf sektorunun xətti ilə ölkəmizin aqrar bölməsində həyata keçirilən layıhələr üzrə görülən işlər və perspektiv vəzifələr müzakirə olunmuşdur.
Qonaqlara əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatların uğurlu nəticələri barədə ətraflı məlumat verən nazir müavini demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının ölkəmizdə həyata keçirdiyi layihələrə xüsusi önəm verir. Dünya Bankı Azərbaycanın kənd təsərrüfatı sektorunda həyata keçirilən genişmiqyaslı islahatları dəstəkləyən ilk təşkilatlardan biridir. Azərbaycan Hökuməti aqrar sektorun inkişafını sürətləndirmək üçün hələ 1998-ci ildə Uyğunlaşdırılmış Kredit Proqramı çərçivəsində Dünya Bankına 100 milyon ABŞ dolları məbləğində çoxmərhələli kredit ayrılması barədə müraciət etmişdir. 1997-ci ildən icrasına başlanmış, ümumi dəyəri 28,82 milyon ABŞ dolları olan “Təsərrüfatların özəlləşdirilməsi” layihəsində Dünya Bankının payı 51 faiz təşkil etmişdir. Həmin layihənin yerinə yetirilməsi ümumi dəyəri 33,65 milyon ABŞ dolları olan “Kənd təsərrüfatının inkişafı və kreditləşməsi” layihəsinin icrasına zəmin yaratmış və layihənin birinci mərhələsi uğurla başa çatdırılmışdır.
Nazir müavini A.Aslanov demişdir ki, Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında ötən il növbəti Saziş imzalandıqdan sonra dəyəri 56,8 milyon ABŞ dolları olan “Kənd təsərrüfatının inkişafı və kreditləşməsi üzrə ikinci layihə”nin uğurla həyata keçirilməsinə başlanmışdır.
Dünya Bankı 2005-ci ilin yanvarından respublikamızın üç bölgəsində (Muğan-Salyan, Düzən Şirvan və Naxçıvan Muxtar Respublikası) “Kənd investisiyaları layihəsi”ni həyata keçirir. Layihə çərçivəsində sosialyönümlü 400-450 mikrolayihə maliyyələşdiriləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlı olduğunu söyləyən A.Aslanov bildirmişdir ki, Azərbaycan Prezidentinin 2004-cü il 24 oktyabr tarixli Sərəncamı ilə nazirliyin yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır. Beynəlxalq maliyyə qurumlarının, o cümlədən Dünya Bankının və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun maliyyələşdirdiyi layihələrin həyata keçirilməsi ilə indi bu agentlik məşğuldur.
Nazir müavini A.Aslanov kənd təsərrüfatında maliyyələşdirilməsi vacib olan 7 prioritet məsələ barədə Dünya Bankının sektor direktoruna məlumat vermişdir.
Həmin məsələlərdən üçünün - “Kənd investisiya layihəsi”nin, “Respublikada baytarlıq xidmətinin inkişaf etdirilməsi layihəsi”nin və “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi layihəsi”nin prioritet məsələlər olduğunu vurğulayan Dünya Bankının sektor direktoru Peter Tomson təmsil etdiyi maliyyə qurumunun Azərbaycan ilə əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Qonaq bildirmişdir ki, prioritet hesab edilən məsələlər üzrə layihələrin hazırlanması və həyata keçirilməsi üçün araşdırma işlərinə indidən başlamaq lazımdır.
Azərbaycanın aqrar sektorunda əldə olunan nailiyyətlərin Dünya Bankı tərəfindən maraqla izlənildiyini vurğulayan qonaq, ölkəmizlə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduğunu söyləmişdir.