AZƏRBAYCAN DÜNYA ÇEMPİONATININ BİRİNCİSİ OLMUŞDUR
Bakı, 2 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə dünya çempionatı Azərbaycan yığmasının qələbəsi ilə başa çatmışdır. Çempionatın rəsmi nəticələrinə görə Azərbaycan komandası güləş yarışmasının hər üç növü üzrə ümumilikdə birinci yerə çıxmışdır. İlk dəfə qazanılan bu böyük uğur Azərbaycan güləşi tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Azərbaycan komanda hesabında Rusiya, İran və Türkiyə kimi guclu güləşçiləri olan ölkələri qabaqlamışdır.
İlin sonuncu mötəbər yarışı çempionatda 19 pəhləvanla iştirak etmiş Azərbaycan yığma komandasının uğurlu çıxışı ilə yadda qalmışdır. 3 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan komandamız xal hesabı ilə digər ölkələrdən üstün olmuş və Azərbaycanın adını dünya güləş tarixinə qızıl hərflərlə yazdırmışdır.
Azərbaycan dünya çempionatında ən çox ilk yerləri tutması ilə də yadda qalmışdır. Qadın güləşi üzrə dünya çempionu, sərbəst güləş üzrə dünya ikincisi, yunan-Roma güləşi üzrə isə dünya üçüncüsü olmaqla Azərbaycan bu idman növündə lider ölkələrdən biri olduğunu sübuta yetirmişdir. Fərid Mansurov (66 kq) isə ölkəmiz müstəqillik əldə etdikdən sonra ikiqat dünya çempionu tituluna yiyələnən güləşçi adını qazanmışdır.
Sərbəst güləş üzrə yığmamız komanda hesabında 48 xal toplayaraq, Dünya ikincisi olmuş və çempionatı 3 gümüş və 1 bürünc medalla başa vurmuşdur. Komandamız yalnız Rusiyadan geri qalmışdır.
Zəlimxan Hüseynov (60 kq), Camsulvara Camsulvarayev (74 kq), Xetaq Qazyumov (96 kq) gümüş, Şərif Şərifov (84 kq) isə bürünc medala layiq görülmüşlər. Namiq Sevdimov (55 kq) 5-ci, Cəbrayıl Həsənov (66 kq) 7-ci, Əli İsayev (120 kq) isə 8-ci yerlə kifayətlənmişlər.
Qadınlardan ibarət yığma komandamız 48 xal toplamış, komanda hesabında dünya çempionu olmuşdur. 2 qızıl və 1 gümüş medal qazanan qadınlarımız Azərbaycan güləş tarixinə şanlı səhifə yazmışlar.
Mariya Stadnik (48 kq) və Yuliya Radkeviç (59 kq) qızıl, Sona Əhmədli (55 kq) isə gümüş medal qazanmışlar. Olesya Zamula (63 kq) 5-ci,
Zümrüd Qurbanhacıyeva (67 kq) 8-ci, Dina İvanova (72 kq) isə 7-ci yeri tutmuşlar.
Yunan-Roma güləşi üzrə yığmamız yarışların son günlərində mübarizəyə qoşulmuş, 1 qızıl və 2 bürünc medal qazanmış, 38 xalla komanda hesabında Türkiyə və İrandan sonra Dünya üçüncüsü olmuşdur.
Fərid Mansurov (66 kq) qızıl medala layiq görülmüşdür. Rövşən Bayramov (55 kq) və Vitali Rəhimov (60 kq) bürünc medal qazanmışlar.
Rafiq Hüseynov (74 kq) və Şalva Qadabadze (84 kq) 5-ci, Denis Mişin (96 kq) 12-ci yeri tutmuşlar.
Ümumilikdə Azərbaycan güləşçiləri hər üç növ üzrə dünya çempionatını 128 xalla birinci yerdə başa vurmuşlar. Rusiya 121 xalla 2-ci, İran 79 xalla 3-cü, Türkiyə isə 74 xalla 4-cü pillədə qərarlaşmışdır.
######
