Azərbaycan Elm Fondunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Elm Fondunda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Elm Fondunun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və yorulmaz fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Anım tədbirini giriş sözü ilə açan Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün həyatı boyu dövlətini, xalqını düşünüb, ölkəmizin çiçəklənməsi və dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi istiqamətində tarixi addımlar atıb.
Mehriban İmanova Azərbaycan elminin bugünkü inkişaf səviyyəsinə yüksəlməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xidmətlərindən danışıb. İcraçı direktor qeyd edib ki, görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirib, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşıb, elmin sürətli inkişafı üçün mühüm qərarlar verib. Ümummilli Liderin əsasını qoyduğu ideya və strategiyalar, layihələr, dövlət proqramları Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və çağırışlarından irəli gələrək zənginləşdirilib və həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın nüfuzlu və inkişaf etmiş dövlətlərindən birinə çevrilib.
İcraçı direktor Azərbaycan Elm Fondunun ölkəmizdə elm siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyini qeyd edərək, Fondun qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, kadr hazırlığına xüsusi diqqət yetirmək istiqamətində uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Mehriban İmanova Azərbaycan Elm Fondunun 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş Əsas Qrant Müsabiqəsini elan etdiyini xatırladıb. Əlavə edib ki, bu müsabiqə ölkəmizdə qabaqcıl texnologiyaların, kəşflərin sayını artırmaq üçün nəzərdə tutulub.
Tədbirdə digər çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, dahi lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazandığını bildiriblər. Qeyd olunub ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Həmçinin ölkəmizdə azərbaycançılıq ideologiyasının yaranmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının, o cümlədən Azərbaycan elminin tərəqqisinin Ümummilli Liderin adı ilə bağlı olduğu vurğulanıb.