Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir
Naxçıvan, 9 mart, AZƏRTAC
Ölkəmizdə gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən dövlət proqramlarının uğurlu nəticələri, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin bəhrələridir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dahi şəxsiyyətin irsinin yeniyetmə və gənclərə təbliğ olunması məqsədilə “Naxçıvan” Universitetinin Heydər Əliyev Dövlətçilik Mərkəzində keçilən açıq dərsdə səsləndirilib.
Heydər Əliyev Gənclər Məktəbinin dinləyicilərinə “Heydər Əliyev və gənclik” mövzusunda keçilən açıq dərsi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi birgə təşkil edib.
“Naxçıvan” Universitetinin müəllimi, YAP ərazi ilk təşkilatının sədr müavini Könül Babayeva çıxış edərək bildirib ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə dövlət gənclər siyasəti onun həyata keçirdiyi siyasi kursun əsas prioritet istiqamətlərindən birini təşkil edib. Təsadüfi deyil ki, Ulu Öndər daim gənc nəsli ictimai-siyasi həyatda daha fəal iştirak etməyə həvəsləndirir, kadr siyasətinin həyata keçirilməsində gənclərə xüsusi önəm verirdi. Azərbaycanda Gənclər Gününün qeyd edilməsi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edir.
“Dahi şəxsiyyət hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəal iştirak edir”, - deyə Könül Babayeva bildirib.