Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Tbilisi, 26 avqust, AZƏRTAC
Azərbaycanın Gürcüstanda diplomatik missiyası başa çatan səfiri Dursun Həsənov bu ölkənin parlamentinin sədri Arçil Talalvadze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz, eləcə də parlamentlərimiz arasındakı əməkdaşlıq münasibətləri diqqət mərkəzində olub. A.Talakvadze bildirib ki, D.Həsənovun Gürcüstanda fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətləri daha da möhkəmlənib və strateji sahələrdə əməkdaşlıq inkişaf edib.
Parlamentin sədri keçmiş səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. O, Dursun Həsənovun bundan sonra da Gürcüstanın dostu olacağına əminliyini bildirib.
D.Həsənov Azərbaycanın Gürcüstandakı səfiri olmasından və fəaliyyəti dövründə ona göstərilən diqqətdən razılığını bildirib. Qeyd edib ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs onun diplomatik fəaliyyətinin əsas prinsipləri olub. “Gürcüstan bizə dost və qardaş ölkədir və harada olmağımızdan asılı olmayaraq bu dostluğu inkişaf etdirməyə çalışacağam", - deyə Dursun Həsənov vurğulayıb.
Qeyd edək ki, D.Həsənov avqustun 17-də Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsindən geri çağırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi