AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI İCRAİYYƏ KOMİTƏSİNİN NÖVBƏTİ YIĞINCAĞI OLMUŞDUR
Qeyd edilmişdir ki, AHİK üzv təşkilatları ilə birlikdə 2003-cü ildə hamiliyə götürdükləri C.Naxçıvanski adına hərbi litseydə bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsinə nail olmuşdur. Həmin tədbirlərdə və müsabiqələrdə fərqlənmiş taqım, bölük və kursantlar AHİK-in pul mükafatları, diplom və fəxri fərmanları ilə təltif edilmişlər. Bu tədbirlər gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində müsbət rol oynamışdır.
C.Naxçıvanski adına hərbi litseydə 2003-2004-cü tədris ilinin yekunları ilə bağlı keçirilmiş tədbirlər məqbul sayılmaqla, bu işin davam etdirilməsi qərara alınmışdır.
Gündəlikdə duran digər məsələlərin müzakirəsi zamanı iş yerlərində texniki təhlükəsizliyə ciddi əməl edilməsi, istehsalat zədələnmələrinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərin həmkarlar ittifaqı tərəfindən davam etdirilməsinin zəruriliyi, istehsalat zədələnmələri ilə nəticələnən qəzaların obyektiv araşdırılmasının vacibliyi vurğulanmışdır. Həmçinin “Hər bir iş yerində mədəni istehsalat” adı ilə respublika baxış-müsabiqəsinin keçirilməsi və müsabiqənin qalibləri üçün pul mükafatlarının ayrılması qərara alınmışdır.
Yığıncaqda “Müasir mərhələdə əməyin mühafizəsi problemlərinin həllində həmkarlar ittifaqlarının rolu haqqında” AHİK-in II Məclisinin qərarlarının yerinə yetirilməsi sahəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2004-2007-ci illər üçün tədbirlər planı, “AHİK-in icraiyyə komitəsi və aparatının 2003-cü ilin II yarısı üçün iş planı” təsdiq edilmişdir. Cari məsələlər müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunmuşdur.