CƏMİYYƏT
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASINDA
Yanvarın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda “Kurort” Səhmdar Cəmiyyətinə məxsus sanatoriya, istirahət evləri və pansionatlarda yerləşdirilmiş qaçqın və məcburi köçkünlərin yaşadıqları otaqlardakı əmlakın əvəzsiz olaraq onlara verilməsi barədə təşəbbüs müzakirə edilərək bəyənilmiş və müvafiq qərar qəbul olunmuşdur.
Həmkarlar ittifaqlarının 2001-ci ildə respublika Silahlı Qüvvələrinə hamilik işi haqqında məsələnin müzakirəsi zamanı bildirilmişdir ki, AHİK və onun üzv təşkilatları Milli Ordu və Hərbi Donanmanın hissə və gəmilərinin şəxsi heyətinə, onların ailələrinə maliyyə vəsaiti, inşaat-tikinti materialları, elektrik və məişət avadanlığı ilə kömək göstərmişlər. Hamilik köməyini bundan sonra davam etdirmək, toplanmış müsbət təcrübəni təkmilləşdirmək qərara alınmışdır.
AHİK İcraiyyə Komitəsi həmkarlar İttifaqları idman təşkilatlarının ötən ilin yekunlarına görə beynəlxalq yarışlarda yüksək nəticələr göstərmiş idmançıları və məşqçilərinin mükafatlandırılması barədə qərar qəbul etmişdir. Bildirilmişdir ki, XXVII Sidney yay olimpiya oyunlarında, dünya və ölkə çempionatlarında, digər yarışlarda idmançılar 32 medal qazanmışlar.
Yığıncaqda AHİK İcraiyyə Komitəsinin və Aparatının 2002-ci ilin birinci yarısı üçün iş planı da təsdiq edilmişdir.