Azərbaycan idmançılarının “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarında iştirakı məsələləri müzakirə olunub
Tokio, 4 aprel, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin parlamentinin müşavirlər palatasının deputatı, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kentaro Asahi ilə görüşüb.
Görüş zamanı, K.Asahi səfirə görüş üçün təşəkkür edib, cari ildə Azərbaycanın müstəqilliyini bərpa etməsinin 30 illiyi ilə bağlı təbriklərini çatdırıb.
Öz növbəsində, səfir G.İsmayılzadə görüş və təbrikə görə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz iradəsi və Milli Ordumuzun əsgərlərinin igidliyi sayəsində Azərbaycanın Vətən müharibəsində böyük Qələbə qazanması və Azərbaycanın 30 ilə yaxın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsini qonağın diqqətinə çatdırıb. Səfir, 103 ilə öncə, 1918-ci ilin mart və aprel aylarında erməni daşnaklarının silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə digər şəhərlərdə on minlərlə azərbaycanlının qətlə yetirilməsi haqda da məlumat verib.
Görüşdə əsas mövzu olaraq təxirə salınmış “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının 2021-ci ilin yayında təşkili və Azərbaycan idmançılarının bu beynəlxalq yarışda iştirakı məsələləri müzakirə edilib.
Kentaro Asahi səfirə cari il iyulun 23-dən avqustun 8-dək Tokio Olimpiya və avqustun 24-dən sentyabrın 5-dək Paraolimpiya Oyunlarında Yaponiya tərəfinin Azərbaycan idmançılarının iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Koronavirus pandemiyasına baxmayaraq, bu oyunların yüksək səviyyədə və təhlükəsiz şəkildə keçiriləcəyini qeyd edib.
Parlamentdə məhz idman məsələlərinə məsul olduğunu xatırladan K.Asahi, eyni zamanda Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi idman sahəsi də daxil olmaqla iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə öz töhfəsini verəcəyini vəd edib. O, Azərbaycan idmançılarına Olimpiya və Paraolimpiya Oyunları zamanı bu və ya digər formada dəstək verməyə hazır olduğunu da bildirib.
Məlumat üçün minnətdarlığını bildirən G.İsmayılzadə 2021-ci ilin yayında keçiriləcək “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının iştirak edəcəyinə əmin olduğunu deyib.
Əlavə olaraq qeyd edək ki, ötən əsrin 90-cı illərində voleybol üzrə Yaponiya milli komandasının oyunçusu olan K.Asahi 2011-ci ildən Yaponiya Olimpiya Komitəsində çalışır, 2016-cı ilin iyulunda isə iqtidarda olan Liberal Demokratik Partiyanın üzvü kimi Yaponiya parlamentinin müşavirlər palatasına üzv seçilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio