İQTİSADİYYAT
Azərbaycan iki ayda ən çox İtaliyaya xam neft və neft məhsulları göndərib
Bakı, 31 mart, AZƏRTAC
Yanvar-fevral aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 2 milyon 122,6 min ton, dəyəri isə 1 milyard 287,8 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
İki ayda ölkəmizdən İsrailə 257,6 milyon dollarlıq 431,4 min ton, Ukraynaya 245,1 milyon dollarlıq 422,6 min ton, Portuqaliyaya 181,6 milyon dollarlıq 292,1 min ton, Tailanda 161,3 milyon dollarlıq 276,6 min ton, Böyük Britaniyaya isə 125,5 milyon dollarlıq 216,9 min ton, Tunisə 120,1 milyon dollarlıq 186,3 min ton, Hindistana 90,1 milyon dollarlıq 136,9 min ton, Çexiyaya 89,1 milyon dollarlıq 163,4 min ton, İspaniyaya 75,6 milyon dollarlıq 132,8 min ton xam neft və xam neft məhsulları ixrac edilib.
Qeyd edək ki, iki ayda Azərbaycan 17 ölkəyə xam neft və xam neft məhsulları göndərib.
Hesabat dövründə Azərbaycandan ümumilikdə 4 milyon 900,3 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 2 milyard 943,9 milyon dollar olub.