Azərbaycan ilə Anqola arasında müxtəlif sahələrdə əməkdaşlıq müzakirə edilmişdir
Bakı, 6 iyun (AZƏRTAC). Azərbaycanın iqamətgahı Cənubi Afrika Respublikasının Pretoriya şəhəri olmaqla eyni zamanda Anqoladakı səfiri Elxan Poluxov bu ölkənin paytaxtı Luandada bir sıra işgüzar görüşlər keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirilmişdir ki, səfər çərçivəsində E.Poluxov Anqolanın mədəniyyət naziri xanım Roza Kruz de Silva ilə görüşmüşdür.
Görüşdə tərəflər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin qurulması və inkişafı üçün fikir mübadiləsi aparmışlar.
Azərbaycanın son illər mədəniyyətlərarası dialoqun mərkəzinə çevrildiyini söyləyən səfir naziri ölkəmizdə keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərində iştiraka dəvət etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir erməni vandalizmi nəticəsində işğal altında olan ərazilərdə məhv edilən mədəni, tarixi və dini abidələrdən söz açmışdır. Eyni zamanda, diplomat bu ölkənin Xarici Əlaqələr Nazirliyinin dövlət katibi Manuel Dominqoş Auquşto ilə görüşmüşdür.
Dövlət katibi cari ilin mayında Bakıya etdiyi işgüzar səfərindən söhbət açmış və burada keçirdiyi görüşlərdən danışmışdır.
Bakıda sonuncu dəfə 2012-ci ildə olduğunu bildirən Manuel Dominqoş Auquşto qısa müddətdə Azərbaycan paytaxtında baş verən müsbət dəyişiklikləri yüksək qiymətləndirmişdir.
İki ölkə arasında müntəzəm siyasi dialoqun qurulmasına ehtiyac olduğunu söyləyən dövlət katibi bu istiqamətdə intensiv işlərin aparılmasının vacibliyini vurğulamışdır.
Səfir E.Poluxov ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin yaradılması üçün böyük potensialın olduğunu bildirmişdir.
Görüşdə, həmçinin ikitərəfli və çoxtərəfli münasibətlər müzakirə edilmişdir.
Səfər çərçivəsində Ali Təhsil Nazirliyinin dövlət katibi Antonio Miquel Andre ilə də görüşən E.Poluxova Anqolanın mövcud təhsil sistemi haqqında məlumat verilmişdir.
Azərbaycanda təhsilin səviyyəsinin hər zaman yüksək olduğunu bildirən A.M. Andre demişdir ki, bunu ölkə Prezidenti Joze Eduardo duş Santuş və onunla yanaşı, bir sıra yüksək rütbəli məmurların timsalında açıq-aydın görmək olar. O, ali təhsil sistemində əlaqələrin genişləndirilməsinə hər zaman hazır və maraqlı olduqlarını vurğulamışdır.
Azərbaycanda təhsil almış bütün görkəmli insanlarla fəxr etdiyini söyləyən səfir ölkəsinin təhsil sahəsində əməkdaşlığa hər zaman hazır olduğunu bildirmişdir.