AZƏRBAYCAN İLƏ MİSİR SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞIN İNKİŞAFINA TƏRƏFDARDIR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfir Cihan Əmin Məhəmməd Əli respublikamızda işlədiyi dövrdə ona göstərilmiş köməyə və səmərəli əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirərək, bundan sonra da ölkələrimiz arasında dostluğun və münasibətlərin genişlənəcəyinə əmin olduğunu diqqətə çatdırmışdır. Xanım Cihan Əmin Məhəmməd Əli Bakıda fəaliyyət göstərdiyi dörd il ərzində Azərbaycan xalqının və dövlətçiliyinin inkişafının əyani şahidi olduğunu bildirmişdir.
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Misir arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin möhkəmlənməsinə, genişlənməsinə, ölkələrimizin səmərəli əməkdaşlığının davam etdirilməsinə tərəfdar olduğunu vurğulamışdır. Nazir Misir Ərəb Respublikasının islam dünyasında nüfuzlu ölkələrdən biri olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycanı beynəlxalq təşkilatlar və ilk növbədə, İslam Konfransı Təşkilatı çərçivəsində dəstəklədiyini, bunun ölkəmiz üçün mühüm amil olduğunu xüsusi qeyd edərək, Misir dövlətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Sonda nazir Elmar Məmmədyarov səfir xanım Cihan Əmin Məhəmməd Əliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulamışdır.