AZƏRBAYCAN İLƏ ÖZBƏKİSTAN ARASINDA HÖKUMƏTLƏRARASI BİRGƏ KOMİSSİYANIN İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də Bakıda Azərbaycan ilə Özbəkistan arasında hökumətlərarası birgə komissiyanın 8-ci iclası keçirilmişdir.
Azərbaycan tərəfdən komissiyaya rəhbərlik edən Baş nazirin birinci müavini Yaqub Eyyubov ölkəmizin iqtisadi inkişafı, aparılan islahatlar və qazanılmış uğurlar barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və onların uğurlu nəticələri sayəsində respublikada dinamik iqtisadi inkişafa nail olunmuşdur. İqtisadiyyatın aparıcı sahəsi olan neft-qaz sektorundakı uğurlar qeyri-neft sektorunun da yüksək templə inkişafını təmin etmişdir. Ötən il Azərbaycanda ümumi daxili məhsulun artımı 25 faiz, cari ilin ötən dövründə isə 17 faizə yaxın olmuşdur.
İclasın Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana səfəri ərəfəsində keçirildiyini diqqətə çatdıran Y.Eyyubov ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafı üçün böyük perspektivlərin olduğunu söyləmişdir. Bildirilmişdir ki, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayan Azərbaycan bütün qonşu ölkələrlə iqtisadi əməkdaşlığa hazırdır.
Ölkəsində iqtisadi inkişafın əsas istiqamətləri barədə geniş məlumat verən Özbəkistan Baş nazirinin müavini Nodirxon Xanov Azərbaycanın əhəmiyyətli tərəfdaş olduğunu vurğulamışdır. 2007-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin 60 milyon ABŞ dolları təşkil etdiyini söyləyən və bu rəqəmi qənaətbəxş saymayan N.Xanov, ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır. Əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində Bakıda “Özbəkistan Ticarət Evi”nin açılacağı qeyd olunmuşdur.
Tədbir iştirakçıları birgə komissiyanın sonuncu iclasının 2004-cü ildə keçirildiyini, komissiyanın tərkibində dəyişikliklərin edildiyini nəzərə alaraq, ölkələr arasında 2001-2010-cu illərdə iqtisadi əməkdaşlığı nəzərdə tutan proqrama yenidən baxmağı qərara almışlar. Sənədlər paketinin tezliklə imzalanmağa hazır olacağı qeyd edilmişdir.
Əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə müəssisələrin yaradılmasının, müxtəlif sahələr üzrə sərgilərin keçirilməsinin, iş adamlarının qarşılıqlı səfərlərinin əhəmiyyəti də diqqətə çatdırılmışdır.
Komissiyanın 9-cu iclasının Daşkənddə keçirilməsi qərara alınmışdır.