Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə olunub
Bişkek, 7 mart, АZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin mədəniyyət, informasiya və turizm naziri Sultanbek Jumaqulovla görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir son illərdə ölkələrimiz arasında bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Qeyd olunub ki, son vaxtlar həm Bişkekdə, həm də Bakıda bir çox mühüm mədəniyyət tədbirləri keçirilib. Cari il fevralın 8-də Bişkekdə Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə dəstək verdiyinə görə nazirə minnətdarlıq edib.
H.Orucov ümidvar olduğunu bildirib ki, səfirlik Qırğızıstanda Azərbaycanla bağlı təşkil ediləcək mədəniyyət tədbirlərinin hazırlanmasında bundan sonra da nazirlik ilə sıx əməkdaşlıq edəcək. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Qırğızıstanda xüsusi proqramla qeyd olunacaq.
Sonra H.Orucov naziri bu ilin aprel ayının 5-dən 7-dək Bakıda keçiriləcək 17-ci Beynəlxalq Azərbaycan Turizm və Səyahət Sərgisinə və iyunun 20-də Naxçıvan şəhərində “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” mədəniyyət ilinin açılış mərasiminə dəvət edib.
Nazir dəvətləri məmnuniyyətlə qəbul edərək, xoş sözlərə görə təşəkkürünü bildirib. O, qardaş Azərbaycan ilə Qırğızıstan xalqları və ölkələrimiz arasında mədəniyyət, turizm sahələrində əlaqələrin bundan sonra da genişlənəcəyinə ümid etdiyini söyləyib, bu sahədə səfirliyin fəaliyyətini yüksək dəyərləndirib. Tərəflər humanitar sahədə əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər.
Görüşdə ölkələrimiz arasında mədəniyyət, informasiya və turizm sahələrində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek