CƏMİYYƏT
Azərbaycan ilə Rumıniya kibertəhlükəsizlik və süni intellekt sahələrində birgə tədqiqatlar aparacaq
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyaya səfəri çərçivəsində bu ölkənin İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri Adrian Viktor Vevera və digər rəsmilərlə görüş keçirib.
Sonra nümayəndə heyəti institutun fəaliyyət istiqamətləri, müəllifi olduğu elmi, texniki və texnoloji həllərlə tanış olub, gələcək mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib.
Səfər zamanı XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev və Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri Adrian Viktor Vevera kibertəhlükəsizlik sahəsində siyasət və inkişaf strategiyası, kiberdiplomatiya, bulud həllərinin təhlükəsizliyi, əşyaların interneti, ağıllı şəhər konsepsiyalarında kibertəhlükəsizlik, “big data”, yüksək səviyyəli domen sistemlərində blokçeyn tətbiqi, süni və artırılmış intellekt sahələrində birgə tədqiqatların aparılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.