AZƏRBAYCAN İLƏ RUMINİYA XÜSUSİ XİDMƏT ORQANLARI ARASINDA ƏMƏKDAŞLIĞIN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixay Rezvan Unqureanu avqustun 27-də ölkəmizə rəsmi səfərə gəlmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, rumıniyalı qonaq, nazir general-leytenant Eldar Mahmudov və nazirliyin bir qrup rəhbər işçisi Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, ulu öndərin məzarı önünə əklil qoymuşlar. Şəhidlər xiyabanı da ziyarət olunmuş, qəhrəman vətən övladlarının xatirəsi «Əbədi məşəl» abidəsinin önünə əklil qoyulmaqla yad edilmişdir.
Nazir Eldar Mahmudovun rumıniyalı həmkarı Mixay Rezvan Unqureanu ilə görüşündə transmilli mütəşəkkil cinayətkarlıqla, eləcə də hazırda beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terrorçuluqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər, habelə ölkələrimizin xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın əməli inkişaf perspektivləri üzrə müzakirələr aparılmışdır.
Nazir Eldar Mahmudov respublikamızda genişmiqyaslı hüquqi demokratik dövlət quruculuğu sahəsində görülən işlər, mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar həyata keçirilən tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat vermişdir.
Göstərilən qonaqpərvərliyə və ölkələrimizin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirən Mixay Rezvan Unqureanu respublikamıza səfərindən xoş təəssüratlar aldığını, Rumıniya və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını, keçirilmiş görüşlərin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd etmişdir.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılmışdır.
######
