AZƏRBAYCAN İLƏ RUSİYA ARASINDA KONSULLUQ XİDMƏTİ MƏSƏLƏLƏRİ ÜZRƏ DAİMİ MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRİLMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, tədbirin əvvəlində Konsulluq İdarəsinin rəisi Nadir Hüseynov nümayəndə heyətini salamlayaraq, Rusiya tərəfinə Azərbaycan tərəfinin görüşdə iştirak edən nümayəndələrini təqdim etmiş və ölkələrimiz arasında mövcud diplomatik münasibətlərin gələcəkdə daha da sıx inkişafına ümidvar olduğunu bildirmişdir.
Nadir Hüseynov ölkələrimiz arasında konsulluq sahəsində məsələlərin hər iki dövlət üçün müsbət həll edilməsinin vacibliyini nümayəndə heyətinin diqqətinə çatdırmışdır.
Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri Valeri Şetinin Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirərək, ölkələrimiz arasında münasibətlərin daha da sıx olmasını arzulamışdır.
Görüşdə dövlətimizin konsulluq, sərhəd məsələləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş sənədlərə dair məsələlər müzakirə edilmişdir.
Bundan əlavə, Konsulluq İdarəsinin rəis müavini Faiq Bağırov və konsulluq-hüquq məsələləri şöbəsinin müdiri Mehriban Nəcəfova məsələ ilə bağlı öz fikirlərini Rusiya Federasiyasının nümayəndə heyətinə bildirmiş və protokolda müvafiq dəyişikliklərin edilməsini təklif etmişlər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən irəli sürülən təkliflər də protokolda öz əksini tapmışdır.
Tərəflər, Rusiya Federasiyasının təklifi əsasında Azərbaycan Respublikası və Rusiya Federasiyası Hökumətləri arasında 1997-ci il iyulun 3-də imzalanmış, hər iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişini təmin edən Sazişə bəzi dəyişikliklərin, o cümlədən sərhədi keçmək üçün qüvvədə olan sənədlərin siyahısının azaldılmasının əlavə olunması barədə Protokolun bağlanması məsələsini müzakirə etmişlər.
Rusiya tərəfi sərhədi keçmək üçün qüvvədə olan sənədlər siyahısının sayının hər iki tərəfdən 5 sənədə (diplomatik, xidməti, ümumvətəndaş pasportları, dənizçi pasportu və vətənə qayıtmaq haqqında şəhadətnamə)
qədər azaldılmasını təklif etmişdir. Azərbaycan tərəfi, öz növbəsində, sərhədi keçmək üçün qüvvədə olan sənədlər siyahısının azaldılmasına etiraz etmədiyini bildirmiş və sənədlərin siyahısının 7 sənədə (diplomatik, xidməti, ümumvətəndaş pasportları, dənizçi kitabçası və vətənə qayıtmaq haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və 16 yaşına qədər uşaqlar üçün doğum haqqında şəhadətnamə, notariat qaydada təsdiq olunmuş tərcüməsi ilə) qədər azaldılmasını təklif etmişdir.
Azərbaycan tərəfi Rusiya tərəfinin təklifinə alternativ olaraq beş sənədin sayının vətəndaşlarımızın xeyrinə olaraq 7 sənədə qədər qaldırılmasının məqsədəuyğun olduğunu bildirmiş, o cümlədən sərhədi keçmək üçün qüvvədə olan sənədlər arasında şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin saxlanılması barədə təklifə baxılması üçün Rusiya tərəfinə təqdim etmişdir. Bu təklif Rusiya Federasiyasında yaşayan çoxsaylı Azərbaycan vətəndaşlarının maneəsiz, vizasız gediş-gəlişinin təmin olunması məqsədi ilə verilmişdir.