AZƏRBAYCAN İLƏ TACİKİSTAN ARASINDA HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
Həmin gün Müdafiə Nazirliyində Tacikistan müdafiə nazirinin qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Silahlı Qüvvələrinin fəxri qarovulu düzülmüşdür. Azərbaycanın və Tacikistanın Dövlət himnləri səslənmişdir.
Sonra müdafiə naziri general-polkovnik Səfər Əbiyev Şirəli Xayrulloyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
General-polkovnik Səfər Əbiyev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonovla ötən ilin dekabrında görüşü zamanı dövlətlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanmışdır. Sizin səfəriniz bu istiqamətdə irəliyə doğru atılmış addımdır.
Nazir Cənubi Qafqaz regionundakı mövcud vəziyyətə toxunaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, Ermənistanda külli miqdarda silah və hərbi texnikanın cəmləşdirildiyini və bu silahların sonradan Azərbaycanın işğal olunmuş ərazilərinə ötürüldüyünü qonağın diqqətinə çatdırmışdır.
Şirəli Xayrulloyev bildirmişdir ki, bu səfər dövlətlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir.
Görüşdə Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət, hər iki ölkənin Silahlı Qüvvələrində gedən proseslər, hərbi sahədə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmış, beynəlxalq terrorizm, regionda mövcud olan irticaçı separatizm pislənilmiş, eləcə də ölkələrimizin təhlükəsizliyini təhdid edən belə təzahürlərlə mübarizədə birgə səylərin zəruri olduğu vurğulanmışdır.
Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
Sənədi Azərbaycan tərəfdən general-polkovnik Səfər Əbiyev, Tacikistan tərəfdən isə Şirəli Xayrulloyev imzalamışlar.
Sonda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.