Azərbaycan-İndoneziya əlaqələri uğurla inkişaf edir
Bakı, 18 noyabr (AZƏRTAC). İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri noyabrın 18-də Azərbaycan Respublikası Milli Məclisində olmuşlar.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev qonaqlara ölkəmiz haqqında məlumat vermişdir. Bildirilmişdir ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində imzalanmış “Əsrin müqaviləsi” ölkəyə investisiya axınını təmin etmiş və bütövlükdə iqtisadiyyatın inkişafını sürətləndirmişdir. Bu gün Azərbaycana milyardlarla dollar sərmayə qoyulur. Artıq Azərbaycanın özü də başqa ölkələrə sərmayələr yatırır.
Ölkələrimiz arasında münasibətlərdən danışan B.Əliyev Azərbaycanın İndoneziya ilə bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır.
Bəxtiyar Əliyev İndoneziyanın hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə minnətdarlığını çatdırmışdır.
B.Əliyev indoneziyalı deputatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində bir milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.
İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ferrari Roemavi ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini söyləmişdir. İndoneziya-Azərbaycan əlaqələrinin 1992-ci il sentyabrın 24-də qurulduğunu xatırladan F.Roemavi 21 il ərzində ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişafının məmnunluq doğurduğunu bildirmişdir. Bu münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının və qarşılıqlı səfərlərin böyük rol oynadığı diqqətə çatdırılmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.